Ermənistan və Keniya siyasi məsləhətləşmələr haqqında memorandum imzalayıblar

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Keniya Xarici İşlər və Diaspora İşləri Nazirliyinin Siyasi və Diplomatik Məsələlər üzrə baş direktoru Coşfat Makara nazirliklər arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamenti məlumat yayıb. Məlumata görə, sənədin imzalanmasından sonra iki ölkənin xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Məsləhətləşmələrə Ermənistan Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika Departamentinin rəhbəri Levon Petrosyan və Coşfat Makara rəhbərlik ediblər.

Tərəflər təhsil, səhiyyə, yüksək texnologiyalar, kənd təsərrüfatı və bir sıra digər sektorlarda əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər siyasi dialoqun gücləndirilməsinin və hüquqi çərçivənin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Beynəlxalq forumlarda əməkdaşlıq və qarşılıqlı dəstək imkanları da müzakirə olunub.

Keniya tərəfinə 2026-cı ildə Yerevanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransı (COP17) ərəfəsində Ermənistan tərəfinin prioritetləri təqdim edilib.

Cənubi Qafqaz və Şərqi Afrikadakı son hadisələr, eləcə də qarşılıqlı maraq doğuran və beynəlxalq gündəmdə olan digər məsələlər müzakirə edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə