Keçmiş şahzadə Endryu Epşteyn işi üzrə həbs olundu

Keçmiş Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindzor məxfi məlumatları bədnam maliyyəçi Ceffri Epşteynə açıqlamaqda şübhəli bilinərək həbs edilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BBC 19 fevralda məlumat yayıb.

"Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs edilib", - deyə məlumatda bildirilir.

Keçmiş şahzadənin həbsində səkkiz polis əməkdaşı iştirak edib. Britaniya kralı III Çarlzın qardaşı Norfolkdakı Sandrinqem malikanəsində saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, keçmiş şahzadə məxfi məlumatları pedofil, sutenyor və insan alverçisi Ceffri Epşteynlə paylaşmış ola bilər.

2001-ci ildən 2011-ci ilə qədər Endryu Mauntbatten-Vindzor Britaniyanın ticarət nümayəndəsi vəzifəsində çalışıb. Məhz bu dövrdə o, Epşteynlə dəfələrlə görüşüb.

Keçmiş şahzadənin adı Epşteyn işi ilə bağlı sənədlərdə dəfələrlə qeyd olunur. 2010-cu ildə çəkilmiş bir fotoşəkildə Britaniya kral ailəsinin üzvünün yerdə uzanarkən amerikalı bankirlə əlaqəli bir qadına toxunduğu görünür.

Epşteynlə bağlı seks qalmaqalı fonunda Endryu Mauntbatten-Vindzor şahzadə titulundan məhrum edildi. Öz qızı isə bundan imtina etdi.

Daha əvvəl, 15 fevralda Britaniya Tac Prokurorluğu Xidmətinin rəhbəri Stiven Parkinson hətta kral ailəsinin belə qanundan üstün olmadığını bildirmişdi. Onun keçmiş şahzadə kimi statusu Epşteyn istintaqının gedişatına təsir göstərməyəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə