Fransa Prezidenti Emmanuel Makron avropalı müttəfiqlərinə indiyədək olmadığı qədər açıq və sərt xəbərdarlıq edib. Fransa lideri bildirib ki, “ABŞ-ın nə qədər irəli gedə biləcəyini artıq proqnozlaşdırmaq mümkün deyil. Əgər indi addım atmasaq, 5 il ərzində yox olacağıq”.
SİA xarici KİV-ə istinadən məlumat verir ki, Britaniya və Almaniya mediasına xarici siyasətlə bağlı açıqlamalar verən Fransa Prezidenti Emmanuel Makron indiyədək heç vaxt bu qədər açıq danışmayıb.
Vaşinqtonun təhdid dili ilə irəli sürdüyü əlavə gömrük rüsumları və Qrenlandiya ilə bağlı tələblərinə toxunan Makron deyib: “Artıq ABŞ-ın nə qədər irəli gedəcəyini təxmin edə bilməzsiniz. Bu mərhələdə öz gücümüzə inanmalıyıq. Heç bir addım atmasaq, Avropa 5 il ərzində məhv olacaq”. O, Avropanı həqiqi mənada “birlik” olmağa çağırıb.
Makron açıq şəkildə bildirib ki, ABŞ Avropaya qarşı mövqe tutur, Ağ Ev Avropa İttifaqına yuxarıdan aşağı baxır və Aİ-nin parçalanmasını istəyir. O, eyni zamanda, özünütənqid də edib: “İndiyədək apardığımız strategiya yanlışdır. Açıq hücumla üzləşəndə boyun əyməyi və razılaşmağı seçdik. Bu strategiya işləmir” -deyə vurğulayıb.
Fransa Prezidenti “dolların hegemonluğuna meydan oxuya biləcək” ortaq borclanma sisteminin yaradılmasına da çağırış edib.
Makron, təxminən 4 ildir Ukrayna ilə müharibə aparan Rusiya ilə bağlı da strateji baxımdan yaxınlaşma siqnalları verib: “Bəziləri bizim etdiyimiz kimi diplomatların Rusiyaya göndərilməsini hələ tez hesab edir. Mənim mövqeyim sadədir: bu məsələdə müzakirələri başqalarına buraxmaq istəyirikmi? Coğrafiyamız dəyişməyəcək. Rusiyanı sevsək də, sevməsək də o oradadır və gələcəkdə də qonşumuz olacaq. Buna görə də avropalılar Rusiya ilə dialoqu yenidən başlamalıdır”.
Makron Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında isə bildirib: “Bəzən həddən artıq ləng, lakin mütləq islahatlara ehtiyacı olan Avropa kimi bir quruluşa sahibik və bu qitənin mərkəzində daha çox böyüməyə, dünyada isə daha çox sabitliyə ehtiyac olduğunu düşünürük. Lakin zorbalara boyun əymək əvəzinə hörməti, konspirasiya nəzəriyyələrinə qarşı elmi, vəhşiliyə qarşı isə hüququn aliliyini seçirik. Avropaya xoş gəlmisiniz, Fransaya isə hər zaman çox xoş gəlmisiniz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB