Ukrayna müdafiə naziri Mixaylo Fedorov və Fransadan olan həmkarı Katrin Votren iki ölkənin ərazisində silahların birgə istehsalı ilə bağlı niyyət məktubu imzalayıblar.
SİA-nın xarici mətbauata istinadən verdiyi məlumata görə, bu sənəd müdafiə-sənaye kompleksi sahəsində genişmiqyaslı birgə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
“Bu addım silah tədarükündən birgə istehsala və müdafiəmizi sistemli şəkildə gücləndirən uzunmüddətli həllərə keçidi təmin edir”, – deyə Fedorov bildirib. O qeyd edib ki, Fransa tərəfi Ukraynaya Mirage 2000 qırıcı təyyarələrinin verilməsinə hazırlıq gördüyünü də açıqlayıb. Tərəflər həmçinin təyyarələrin tədarükünün sürətləndirilməsini və idarə olunan AASM Hammer aviasiya bombalarının böyük həcmdə çatdırılması üzrə əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.
Bundan əlavə, Ukrayna SAMP/T, Mistral və Crotale hava hücumundan müdafiə sistemlərinin, eləcə də onlar üçün sursatların əlavə tədarükündə maraqlı olduğunu bildirib. Tərəflər SAMP/T sistemlərinin ballistik təhdidlərə qarşı daha effektiv olması üçün təkmilləşdirilməsi imkanlarını da nəzərdən keçiriblər. Paralel olaraq, Aster raketlərinin tədarükü və istehsalının sürətləndirilməsi istiqamətində əməkdaşlıq davam edir.
Görüş zamanı uzaqmənzilli zərbə vasitələrinin, o cümlədən SCALP raketlərinin verilməsi məsələsi də müzakirə olunub. Eyni zamanda, Ukrayna və Fransa hökumətləri və müdafiə şirkətləri arasında birgə layihələrə – təhlükəsizlik həllərinin sınağı və radioelektron mübarizə üzrə innovativ sistemlərin hazırlanmasına xüsusi diqqət yetirilib.
Nazir bildirib ki, tərəflər müdafiə əməkdaşlığının əsas prioritetlərini razılaşdırıb və birgə layihələrin maliyyələşdirilməsi, o cümlədən Avropa İttifaqının krediti və SAFE proqramı çərçivəsində dəstək məsələlərini müzakirə ediblər. Fedorov Fransaya Ukraynaya göstərdiyi ardıcıl siyasi və hərbi dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, ötən ilin 17 noyabrında Ukrayna və Fransa yeni nəsil SAMP/T hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutan saziş imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB