Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Bolqarıstan Sosialist Partiyasının (BSP) sədri Atanas Zafirov tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

SİA-nın məlumatına görə, partiya rəhbərliyinin iclasında çıxış edən Atanas Zafirov bildirib ki, o, BSP daxilində parçalanma prosesində iştirak etmək niyyətində deyil və məhz bu səbəbdən sədrlikdən getmək qərarı verib. Onun sözlərinə görə, mövcud daxili ziddiyyətlər və kəskin fikir ayrılıqları partiyanın gələcək fəaliyyəti üçün ciddi risklər yaradır.

Qeyd edək ki, Bolqarıstan Sosialist Partiyası son aylarda dərin daxili böhranla üz-üzədir. Partiya rəhbərliyində baş verən kütləvi istefalar, ideoloji və təşkilati məsələlər ətrafında yaranan fikir ayrılıqları BSP-nin siyasi çəkisini zəiflədib və cəmiyyət daxilində nüfuzuna mənfi təsir göstərib.

Müşahidəçilərin fikrincə, Atanas Zafirovun istefası BSP-də rəhbərlik böhranını daha da dərinləşdirə, partiya daxilində yeni liderlik və siyasi kurs axtarışlarını sürətləndirə bilər.

Hazırda partiyanın gələcək idarəetmə modeli ilə bağlı müzakirələr davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə