Ukrayna Rusiya ilə danışıqlarda dəyişikliklər olacağını bəyan edib

Rusiyanın bu gün həyata keçirdiyi hücumdan sonra Ukraynanın danışıqlar komandası işini müvafiq şəkildə tənzimləyəcək. Moskva diplomatiyanı ciddi qəbul etmir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bəyan edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın qısamüddətli atəşkəs təklifindən diplomatiyanı dəstəkləmək üçün yox, raketləri toplamaq və ilin ən soyuq günlərini gözləmək üçün istifadə edib. Belə ki, həmin günlərdə Ukraynanın böyük ərazisində temperatur -20 dərəcə təşkil edib.

Prezident qeyd edib ki, Ukrayna ərazisinə ballistik raketlərlə rekord sayda zərbə endirilib.

“Təkcə bu zərbədə 32 ballistik raket, ballistik trayektoriya üzrə hədəfə doğru uçan 11 digər növ raket, 28 qanadlı raket və 450 hücum dronu olub ki, onların əksəriyyəti “Şahed” dronlarıdır. Hamısı da olmasa, çox hissəsini vurmağa müvəffəq olmuşuq”, – deyə V.Zelenski bildirib.

Onun məlumatına görə, bir neçə vilayətdə enerji obyektlərinə zərbələr dəyib. Ən çox zərbə Xarkov, Dnepr, Kiyev şəhəri və Kiyev, Vinitsa, Odessa vilayətlərində, eləcə də Zaporojyedə qeydə alınıb.

Nəticələrin aradan qaldırılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

Ukrayna Prezidenti Energetika Nazirliyi, Daxili İşlər Nazirliyi və hökumətə tapşırıb ki, ehtiyatlardan lazımi avadanlıq təmin edilsin və beynəlxalq tərəfdaşlarla dərhal əlavə dəstək paketləri üzrə əlaqə yaradılsın.

V.Zelenski bildirib ki, Rusiyanın hər belə hücumu Moskvanın bu məsələlərə münasibətinin dəyişmədiyini göstərir: “Onlar hələ də müharibəni davam etməyi və Ukraynanı məhv etməyi qarşıya məqsəd qoyublar və diplomatiyanı ciddi qəbul etmirlər. Buna görə də Ukraynanın danışıqlar komandası işini müvafiq şəkildə tənzimləyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə