Makron ABŞ-ın viza məhdudiyyətləri qərarını pisləyib

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Tyerri Breton və daha dörd avropalıya tətbiq etdiyi viza məhdudiyyətlərini kəskin şəkildə tənqid edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, bu addımı Avropa İttifaqının rəqəmsal suverenliyinə qarşı təhdid və məcburiyyət tədbiri kimi qiymətləndirib.

Makron bildirib ki, Avropa İttifaqının rəqəmsal tənzimləmə qaydaları Avropa Parlamenti və Şuranın iştirakı ilə “demokratik və suveren proses” nəticəsində qəbul edilib. O vurğulayıb ki, bu qaydalar Avropa ərazisində ədalətli rəqabəti təmin etmək məqsədi daşıyır və heç bir üçüncü ölkəni hədəf almır.

Fransa Prezidenti qeyd edib ki, Aİ-nin rəqəmsal məkanına aid qaydaları Avropadan kənarda müəyyən edilə bilməz. O əlavə edib ki, Fransa Avropa Komissiyası və tərəfdaşları ilə birlikdə rəqəmsal suverenliyi və tənzimləyici müstəqilliyi qorumaqda davam edəcək.

Bu bəyanatlar ABŞ-ın rəqəmsal platformaların tənzimlənməsində iştirak edən beş avropalı şəxsə, o cümlədən Avropa Komissiyasının sabiq daxili bazar üzrə komissarı və Fransanın keçmiş iqtisadiyyat naziri Tyerri Bretonu da əhatə edən sanksiyalar elan etməsindən sonra səsləndirilib.

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro da qərarı pisləyərək bildirib ki, Avropa xalqları azad və suverendir, onların rəqəmsal məkanına tətbiq olunan qaydalar kənardan diktə edilə bilməz.

Qeyd edək ki, sanksiyaya məruz qalan digər şəxslər Böyük Britaniya və Almaniyada dezinformasiya və onlayn nifrətə qarşı çalışan QHT-lərin nümayəndələridir. Qərar Avropada və ABŞ-da geniş tənqidlərə səbəb olub. Tyerri Breton bunu ABŞ-da makartizm küləyi adlandırıb. Fransa və Avropa İttifaqı isə bu sanksiyaları Avropanın rəqəmsal suverenliyinə təzyiq kimi qiymətləndirərək qəti şəkildə pisləyib. Müşahidəçilərə görə, bu addımlar ABŞ ilə Aİ arasında texnologiyaların tənzimlənməsi və söz azadlığı mövzusunda artan gərginliyin tərkib hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə