Mask "X"ə hücumda Ukraynanı günahlandırdı

Multimilyarder İlon Mask "X" sosial şəbəkəsinə kiberhücumda Ukraynanın İP ünvanlarının iştirak etdiyini iddia edib. SİA xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində bildirib. Sahibkarın sözlərinə görə, nə baş verdiyi hələ dəqiq deyil, lakin "X"i sıradan çıxarmaq üçün irimiqyaslı kiberhücum edilib və hücumda Ukraynadan olan İP ünvanları iştirak edib. Mask hücumun mənbəyini müəyyən etmək üçün hazırda araşdırma aparıldığını qeyd edib. Amerikalı iş adamı bundan bir neçə saat öncə "X" sosial şəbəkəsinə kütləvi kiberhücum olduğu barədə məlumat yaymışdı. O, "hücumda ya iri, koordinasiya edilmiş qrup, ya da bütöv bir ölkə iştirak edir", - deyə bildirmişdi. Xatırladaq ki, martın 9-da Mask Ukrayna müharibəsi ilə bağlı qalmaqallı açıqlama verib. “Starlink” rabitə sisteminin Ukrayna ordusu üçün həlledici rol oynadığını bildirən milyarder deyib: “Mənim “Starlink” sistemim Ukrayna ordusunun onurğa sütunudur. Starlink Ukrayna ordusunun əsas rabitə sistemidir. Əgər onu söndürsəm, cəbhə xətti dağılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə