Almaniyanın Laacher See gölünün altındakı təhlükəli vulkan oyanır

…Vulkanın nə vaxt püskürəcəyi barədə hələlik məlumat yoxdur. Alimlər seysmik aktivliyi və gölün dibindən qalxan qazların kimyəvi tərkibini təhlil edərək vulkanik fəaliyyətə nəzarəti davam etdirirlər. Onlar vulkanik aktivliyin sürətlə artması halında panikanın qarşısını almaq və tədbirlər görmək üçün təhlükə xəbərdarlığının zəruri olduğunu düşünürlər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniyadakı Laacher See gölü gözəlliyi və sakit suları ilə məşhurdur, lakin onun səthinin altında fəlakətə səbəb ola biləcək potensial təhlükə gizlənir.

Alimlər xəbərdarlıq edirlər ki, gölün altında təkcə ətraf ərazilərə deyil, həm də Avropanın böyük hissəsinə ciddi ziyan vura biləcək aktiv vulkan var.

Laacher See tarixi təxminən 13 min il əvvəl baş vermiş güclü püskürmə ilə başlayır. Həmin vaxt vulkan atmosferə 20 kub kilometrdən çox maqma ataraq, 60 kilometr radiusda bütün canlıları məhv edib.

Kül və qaz emissiyaları kəskin iqlim dəyişikliyinə və soyumağa səbəb oldu.

Maqma kamerası boşaldıqdan və yerin yuxarı təbəqələri məhv edildikdən sonra böyük bir çökəklik meydana gəldi, sonradan su ilə dolduruldu və müasir gölə çevrildi. Bu gün vulkanoloqlar növbəti dəfə həyəcan təbili çalırlar. Müşahidələr sualtı fəaliyyət əlamətlərini, o cümlədən yalnız xüsusi avadanlıqla aşkar edilə bilən zəif təkanları göstərir.

Qeyd edilməlidir ki, zəlzələlər yer qabığının dərinliklərində maqmanın hərəkəti nəticəsində baş verir. Gölün yaxınlığında karbon qazı emissiyaları da qeydə alınmışdır ki, bu da sualtı proseslərin getdiyini göstərir. Alimlər termal anomaliyaları da qeyd edirlər: gölün bəzi ərazilərində suyun temperaturu gözləniləndən xeyli yüksəkdir ki, bu da mümkün aktivləşməni göstərə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə