Türkiyənin ticarət naziri Ömər Bolat Suriyanın Türkiyədən ixrac edilən 269 məhsulun gömrük rüsumlarını azaltmaq qərarını qəbul etdiyini bildirib.
SİA-nın məlumatına görə, o, Ticarət Nazirliyində keçirilən Dünya Gömrük Günü qeyd etmə mərasimində çıxışı zamanı Suriyanın Türkiyəyə əlavə gömrük rüsumu tətbiq etdiyi ilə bağlı iddiaları təkzib edib. Nazir 11 yanvarda Suriya rəhbərliyinin qüvvəyə mindirdiyi və bütün dünya üçün ortaq və vahid gömrük rejimi tətbiqinin bəzi dairələr tərəfindən yanlış anlaşıldığını, qərəzli şəkildə təhrif edildiyini və bu səbəblə ictimaiyyətdə çaşqınlıq yarandığını təəssüflə müşahidə etdiklərini bildirib.
İqtisadiyyat və ticarət nazirlikləri ilə aparılan müzakirələr nəticəsində Suriyada bəzi məhsulların gömrük rüsumlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı razılığa gəldiklərini vurğulayan Bolat deyib: "Suriyanın bu həftə etibarilə bu ölkəyə ixracımızda ön plana çıxan toyuq yumurtası, un, qarğıdalı, süd və qaymaq kimi qida məhsulları, bəzi dəmir-polad və gigiyena məhsullarını əhatə edən 269 məhsulun gömrük rüsumlarını azaltmaq qərarını qəbul etməsi ilə vəziyyət aydınlığa qovuşub. Bu səbəblə Türkiyəyə qarşı qəbul edilən bir qərar kimi təqdim edilməyə çalışılan vəziyyət tamamilə əsassızdır və həqiqəti əks etdirmir."
Bütün xəbərlər Facebook səhifəmizdə