Son 7 ildə ilk dəfə olaraq dünyada ac insanların sayı əvvəlki illərə nisbətən artmayıb, əksinə, az da olsa azalıb. SİA-nın əldə etdiyi məlumata görə, bu ümumiləşdirilmiş qiymətləndirmə BMT-nin “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma səviyyəsi” hesabatında verilib.
Beləliklə, 2022-ci ildə dünyada ac insanların sayı təqribən 735 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən təxminən 4 milyon nəfər azdır.
Amma, hesabatda, Afrikanın, Qərbi Asiya və Karib hövzəsinin bəzi regionlarının göstəricilərin pisləşdiyi də əksini tapıb.
Qeyd edək ki, 2022-ci ildə dünya əhalisinin təxminən 30 faizinin qidaya davamlı çıxışı olmayıb. BMT ekspertləri hesablayıblar ki, bu tendensiya davam edərsə, 2030-cu ilə qədər planetdə aclığın aradan qaldırılması məqsədinə nail olmaq mümkün olmayacaq.
Hesabat müəllifləri xoşagəlməz inkişafın səbəbi kimi koronavirus, təbii fəlakətlər və Ukraynadakı müharibə kimi silahlı münaqişəni göstərirlər.
Təbii ki, ən pis vəziyyət Afrikadadır, burada hər beşinci sakin aclıqla mübarizə aparır. Bu rəqəm planet üzrə orta göstəricidən iki dəfə çoxdur.
...2022-ci ildə dünyada 5 yaşa qədər olan 148 milyon uşaq qida çatışmazlığı səbəbindən inkişaf qüsurlarından əziyyət çəkib. Eyni zamanda, 37 milyon uşaq artıq çəkidən əziyyət çəkir.
Sonda qeyd edək ki, dünyanın ərzaq təminatının vəziyyəti haqqında hesabat BMT-nin beş ixtisaslaşmış qurumu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (IFAD), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən birgə hazırlanıb.
...Bu barədə “Deutsche Welle” məlumat yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB