Partlayışa nəzarətsiz kimyəvi reaksiya səbəb olub

Bu arada Türkiyə paytaxtının qubernatoru Vasip Şahin, Ankara yaxınlığındakı raket zavodunda baş verən partlayışı partlayıcı maddələrin istehsalı zamanı baş verən nəzarətsiz kimyəvi reaksiya nəticəsində yaşandığını bildirib.

SİA “TRT Haber”in məlumatına istinadən, Şahin 5 işçinin həlak olduğunu əlavə edib. Paytaxt qubernatoru xilasedicilərin dağıntılar altında qalan bütün insanlara çatdıqlarını, yaralının olmadığını deyib.

Faktla bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb.

Bu arada zavodun binalarının istehsal xüsusiyyətlərinə görə bir-birindən uzaqda yerləşdiyini bildirən Türkiyənin Milli Müdafiə Nazirliyi, məhz buna görə də kiçik bir binada baş verən partlayışın istehsalın qalan hissəsinə təsir etmədiyini bəyan edib.

Nazirlik ölən işçilərin təcrübəsiz olması ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib: “Bu, daimi işləyən zavoddur, birdən işə başlayan yer deyil. Ola bilsin ki, yeni işçilər işə götürülüb, lakin bu, qədim zamanlardan fəaliyyət göstərən zavoddur”, - deyə agentliyin açıqlamasında bildirilir.

Xatırladaq ki, partlayış Ankara vilayətində şəhərin şərqində yerləşən Elmadağ rayonunda yerləşən raket zavodunda baş verib. Müəssisə Türkiyənin Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ehtiyacları üçün sifarişləri yerinə yetirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə