Ağ Ev və Respublikaçıların Konqresdəki nümayəndələri milli borcun tavanının artırılması və büdcə məsələləri ilə bağlı prinsipial razılığa gəliblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə şənbə günü axşam həm Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti, həm də prezident Cozef Bayden bildiriblər.

Konqresin gələn həftə əldə edilmiş razılaşmaları qanuniləşdirməyə vaxtı olmalıdır. Əgər razılaşmalar əldə olunmasaydı, ABŞ defoltla üzləşəcəkdi ki, bu da ekspertlərin fikrincə, bütün dünya iqtisadiyyatına təsir göstərə bilərdi. Qeyd edək ki, Federal Ehtiyatlar Sisteminin rəhbəri daha əvvəl, federal xəzinədəki pullar iyunun 5-dək tükənə biləcəyinin xəbərdarlığını etmişdi.

Bu gün biz “hər kəsin istədiyini almadığı” bir kompromisdən danışırıq-deyən ABŞ prezidenti sazişlərin “fəlakətli defoltun qarşısını alacağını bildirib.

Yeri gəlmişkən, respublikaçı Kevin Makkarti də müqaviləni “böyük qələbə” adlandırıb.

Onu da qeyd edək ki, bəzi sağçı respublikaçıların bu qanun layihəsinin əleyhinə səs verəcəyi ehtimal edilsə də, buna baxmayaraq səsvermənin mayın 31-də keçiriləcəyi gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə