Kadırov çin dilində İslam dünyasını birləşməyə çağırıb

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında İslam dünyasını Qərbə qarşı birləşməyə çağırıb. SİA-nın əldə etdiyi məlumata görə, Ramzan yazısını Çin dilində dərc edib.

O xatırladıb ki, son yüz ildə ABŞ və Avropa bütün dünyada onlarla müharibələr, hərbi çevrilişlər və işğallar təşkil edib. Kadırov bildirib ki, milyonlarla mülki şəxs bu qərarların qurbanı olub.

“Bütün İslam dünyasını, bütün sağlam düşüncəli insanları ümumi düşmənimizə qarşı birləşməyə çağırırıq! Onların pulu, silahı bizim birliyimiz, iradəmiz və Yaradanımıza inamımız qarşısında heç nədir! Şimali Atlantika alyansı bütün dünyanın varlığını təhdid edir”, - deyə Ramzan Kadırov bildirib.

O qeyd edib ki, Rusiya bu şərlə mübarizə aparıb və inamla qələbəyə doğru gedir.

Çeçenistan rəhbəri belə qənaətə gəlib ki, mesajının ünvanlandığı şəxslər NATO-nun şərtləri diktə etməsinə imkan verməməlidirlər. Əks halda onların vətənləri dağıla bilər, deyə Ramzan əlavə edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ramzan İslamın Rusiyanın ayrılmaz hissəsi olduğunu yazmışdı.

O, 15 milyona yaxın müsəlmanın digər dini konfessiyalarla birgə yaşadığı ölkədə unikal vəziyyəti qeyd edib. Çeçenistan liderinin bəyanatı Volqaboyu Bolqarıstanın İslamın qəbul edilməsinin 1100 illiyinə təsadüf edib.

Kadırov onu da qeyd edib ki, Rusiya əsl hüquqi dövlət nümunəsidir. O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin siyasəti sayəsində hər bir müsəlmanın hüquqları bütün səviyyələrdə ciddi şəkildə qorunub və qorunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə