Serbiya və Kosovo böhrandan çıxış yolunu razılığa gəlməkdə görüblər

Serbiya və Kosovo şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanları ilə bağlı yaranan böhrandan çıxış yolu tapıblar.
SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel deyib.
O bildirib ki, tərəflər gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi üzərində işləmək barədə razılığa gəliblər.

Serbiya Prezidenti Aleksandar Vuçiç isə deyib ki, Kosovo dövlət qurumlarındakı vəzifələrindən istefa vermiş serblərin öz işlərinə geri qayıtmaları üçün qoyulan şərt yerinə yetirilib.

Xatırladaq ki, iyulun sonunda Kosovo hökuməti avqustun 1-dən etibarən Serbiya şəxsiyyət vəsiqəsinə sahib şəxslərin Kosovoya daxil olmaları və ölkədən çıxmaları üçün müvəqqəti bəyannamə blanklarının verilməsinə, həmçinin Serbiya tərəfindən Kosovodakı serblərə verilmiş avtomobil nömrə nişanlarının Kosovoya məxsus nömrələrlə dəyişdirilməsinə qərar verib.

Kosovodakı serblər buna etiraz edərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayıb və iki ölkə arasında gərginlik yaşanıb.

Kosovo hökuməti qaydaların tətbiqini sentyabrın 1-dək təxirə salmaq qərarına gəlib. Daha sonra Kosovo tərəfi avtomobil nömrə nişanlarının yenidən qeydiyyatı prosesinin 2023-cü ilin aprel ayınadək təxirə salındığını, lakin noyabrın 21-dən etibarən bu nəqliyyat vasitələrinin sahiblərinin cərimələnəcəyini bildirib. Həmin tarixdən etibarən Kosovonun hüquq-mühafizə orqanları avtomobillərini Serbiyanın dövlət nömrə nişanı ilə idarə edən vətəndaşları cərimələməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə