20 il ərzində özü idarə olunan avtomobillərin sayı artacaq

20 il ərzində özü idarə olunan avtomobillərin sayı artacaq

Yaxın 20 il ərzində özü idarə olunan avtomobillərin bazarda payı artacaq və 2013-ci ilədək dünyada satılan minik avtomobillərinin ümumi sayının 75 faizini təşkil edəcək. SİA-nın məlumatına görə, "Navigant Research" şirkətinin analitikləri belə düşünür. Analitiklər avtomobil istehsalçılarının və onların tədarükçülərinin hazırkı vəziyyətini, əsas texnologiyaları, eləcə də özü idarə olunan avtomobillərin satış artımını stimullaşdıran və zəiflədən amilləri tədqiq ediblər.

Əksər mütəxəssislər güman edirlər ki, özü idarə olunan avtomobillər təxminən 5 ildən sonra kütləvi satışa çıxarılacaq. Bu müddəti ötən il "Google" şirkətinin xüsusi layihələr üzrə direktoru Sergey Brin deyib. "General Motors" şirkəti artıq 2015-ci ildə yarımavtomatlaşdırılmış idarəetmə sistemli "Cadillac" modelini buraxmağı planlaşdırır.

"Google"da hazırlanan avtomatik avtomobil idarəetmə texnologiyalarında videokamera, lazer, radar və digər cihazlardan istifadə olunur, idarəetmə isə kompüter tərəfindən həyata keçirilir. Bu, sözügedən texnologiya tərəfdarlarının fikrincə, yolda hərəkət təhlükəsizliyini artıra bilər. Texnologiyanın təşəkkülü ilə əlaqədar əsas problemlər texniki sahədə yox, hüquqi sahədə mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə