"Uğurlar- Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib - FOTOLAR
Avqustun 29-da Azərbaycan Velosiped Federasiyası və “Vətən” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş "Uğurlar - Elçin Əsədov" bioqrafik qısa metrajlı filmin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir Suraxanı qəsəbəsində yerləşən Bakı Gənclər Evində baş tutub.
Təqdimat mərasimində müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini Mariana Vasileva və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat verilib ki, velosiped idmanı üzrə Azərbaycanın Elit yığma komandasının kapitanı, “Sakarya BB Pro Team” klubunun üzvü, bir çox yerli və beynəlxalq turnirlərin, o cümlədən "Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi Elçin Əsədovun həyatına və idman karyerasına həsr olunmuş film bioqrafik müsahibə janrında çəkilib. Real faktlara əsaslanaraq ərsəyə gətirilən ekran işində tamaşaçılara E.Əsədovun hansı çətinliklərdən keçərək bu gün də velosiped idmanı sahəsində olmasını əks etdirən hadisələr təqdim olunur.
Vurğulanıb ki, filmin çəkilməsində məqsəd velosiped idman növündə kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Bildirilib ki, "Uğurlar - Elçin Əsədov" filminin ssenari müəllifi Zəhra Quliyeva, quruluşçu rejissoru Aslan Qarayev, montaj rejissoru isə Polad Elmanoğludur.
Sonra tədbir iştirakçıları filmə tamaşa ediblər.
Ekran işi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar film haqqında yüksək fikirlər bildiriblər. Tədbir iştirakçıları filmin təsiredici sujet xəttinə malik olduğunu, jurnalist işi və texniki cəhətdən peşəkarlıqla hazırlandığını vurğulayıblar.
Sonda “Uğurlar- Elçin Əsədov” filminin müəllifləri ilə xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB