Cüdoçularımız Avropa kubokunda geniş heyətlə təmsil olunacaq

Fevralın 29-da Antalyada start götürəcək yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirində Azərbaycan geniş heyətlə təmsil olunacaq.

SİA-nın məlumatına görə, Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 33, qızların yarışında isə 13 cüdoçu təmsil edəcək. Ölkəmizi təmsil edəcək heyətin tərkibində favorit idmançılar da yer alıblar. Belə ki, bu ay İspaniyada keçirilmiş Avropa kubokunda gümüş medal qazanmış Samir Piriyev (55 kq) yarışda gücünü sınayacaq. Digər cüdoçularımızdan, ötən il keçirilmiş Avropa kuboku turnirinin qalibi olmuş Nurlan Kərimli (50 kq), bürünc medalçılar Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) də komandamızın heyətində mübarizə aparacaqlar. Aydın Rzayev həm də ötən il açıq Avropa turnirində bürünc medal qazanıb.

Qızların yarışında ölkəmizi təmsil edəcək Gülşən Bəşirova da turnirin favoritlərindən sayılır. O, 2019-cu ildə Bakıda keçirilmiş Yeniyetmələrin Avropa Olimpiya Festivalında bürünc medala sahib olub.

Avropa kuboku turnirində iştirak etmək üçün indiyədək 17 ölkədən 529 cüdoçu qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...