XVIII turunun oyunlarına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarına hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, iki günü əhatə edəcək tura fevralın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək. Saat 15:00-da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək.

Həmin gün baş tutacaq “Keşlə” – “Zirə” matçının baş hakimi Rauf Cabbarov olacaq. Saat 17:00-da start götürəcək görüş “ASK Arena”da oynanılacaq.

Fevralın 23-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Səbail” oyununda baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Vüqar Həsənli idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan “Neftçi” ikinci, “Keşlə” isə 26 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (19), “Səbail” (18) və “Qəbələ” (13) komandaları yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə