Bədii və aerobika gimnastikası üzrə yarışlar başa çatıb

İrimiqyaslı beynəlxalq yarışlardan sonra bu dəfə Milli Gimnastika Arenasında yerli turnirlərin həyəcanı yaşanıb.

SİA-nın məlumatına görə, Azərbaycanın müxtəlif şəhər və bölgələrindən bədii gimnastlar 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubokda, aerobika gimnastları isə 5-ci ölkə birinciliyi və Bakı çempionatında birincilik uğrunda mübarizə aparıblar.

Dörd günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış ediblər.

Bədii gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə International” klubları, və Respublika Kompleks İdman Məktəbinin, Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə “Ocaq Sport” klubunun yetirmələri fərqlənənlər sırasına daxil olublar.

Gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabrda baş tutacaq. Noyabrın 8-də tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, bir gün sonra isə batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə