Ayxan Abbasov: "Lazımi nəticəni əldə etməyə çalışacağıq”

Ayxan Abbasov: "Lazımi nəticəni əldə etməyə çalışacağıq”

"Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var". SİA-nın məlumatına görə, bu sözləri UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsində səfərdə Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

Baş məşqçi bildirib ki, komanda bütün gücü ilə lazımi nəticəni əldə etməyə çalışacaq: "Avrokuboklarda ilk dəfədir çıxış edirik. Bu, bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq. Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə “Astra” haqqında məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünür ki, rəqib topla oynamağı sevir. “Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də lazımi nəticəni əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, “Astra”-“Zirə” oyununa bu gün Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə