Məşhur gimnastımız "Rio-2016"da boksçumuza dəstək oldu HƏMRƏYLİK

İdmançılarımızdan nümunəvi davranış
Məşhur gimnastımız "Rio-2016"da boksçumuza dəstək oldu HƏMRƏYLİK

Xəbər verdiyimiz kimi, "Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu, 2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov ukraynalı Denis Solonenkonu məğlub edərək, 1/8 finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, 81 kq çəki dərəcəsində döyüşən boksçumuza dəstək olmaq məqsədilə həmin gün çıxışları olmayan digər Azərbaycan idmançıları da arenaya gəliblər. Azərbaycanın müxtəlif növlərdə çıxış edən idmançılarının arasında bədii gimnastika üzrə yığma komandamızın lideri, Avropa Çempionatının və Avropa Oyunlarınınn mükafatçısı Mariya Durunda da olub. O, arenaya Azərbaycan bayrağı ilə gələrək, döyüşün sonuna qədər boksçumuza dəstək olub. Gimnast bu dəfə idmançı yox, azarkeş kimi boksçumuzun qələbə qazanmasına mənəvi cəhətdən yardımçı olmaq məqsədilə fəallıq göstərib.

Azərbaycan idmançılarının belə həmrəylik göstərməsi digər nümayəndə heyətləri, idmançılar və azarkeşlər tərəfindən maraqla izlənilib və alqışla qarşılanıb.

Qeyd edək ki, 1/8 finalda T.Məmmədovun rəqibi Hollandiya idmançısı Peter Mullenberq olacaq. Döyüş avqustun 12-də saat 03:30-da başlayacaq.

Nəzərinizə çatdıraq ki, boks üzrə milli komandamız "Rio-2016"da 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə