AFFA-nın fəaliyyəti qənaətbəxş hesab olunub

AFFA-nın fəaliyyəti qənaətbəxş hesab olunub
Bu gün AFFA-nın inzibati binasında AFFA-nın XVIII növbəti Konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, konfransı AFFA-nın prezidenti Rövnəq Abdullayev açıb:

- Hörmətli Konfrans iştirakçıları və qonaqlar!

AFFA-nın növbəti Konfransında hər birinizi salamlayıram. İlkin olaraq qonağımızı təqdim etmək istərdim. Bugünkü Konfransda UEFA prezidentinin müşaviri cənab Paskal Torres iştirak edir. Avropa futbol qurumunun nümayəndəsini Azərbaycan futbol ictimaiyyəti adından salamlayırıq.

Hesabat dövrü Azərbaycanda futbolun inkişafı üçün həyata keçirilən tədbirlər və əldə olunan müsbət nəticələr baxımından əlamətdar olub. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi uğurla davam etdirilib.

Futbolun inkişafı üçün AFFA tərəfindən əsas prioritetlər müəyyənləşdirilib. Uğur əldə etmək üçün 3 əsas istiqamət götürülüb. Bunlar kütləvi futbol, təhsil və infrastrukturdur.

Futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər UEFA tərəfindən yüksək qiymətləndirilir və bununla bağlı UEFA AFFA-ya 3 ulduz verib. AFFA tərəfindən tətbiq olunan qeydiyyat sistemində Azərbaycan futbol ailəsinin üzvlərinin sayı artıq 15.000 nəfəri keçib.

Futbol təhsilinin gücləndirilməsi üçün də müvafiq işlər görülür. Ölkəmizdə UEFA-nın C, B və A kateqoriyalı məşqçi kursları mütəmadi təşkil olunur. Artıq Pro kateqoriyalı kursların da AFFA tərəfindən keçirilməsi üçün UEFA müvafiq qərar çıxarıb.

\"\"İnfrastrukturla bağlı layihələrimiz barədə də ictimaiyyətin məlumatı var. Bakıda və respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə futbol həvəskarlarının, uşaq və yeniyetmələrin ixtiyarına verilməsi prosesi davam etdirilib.

Hesabat ilində AFFA tərəfindən 3 stadionun inşasına başlanıb. Mərdəkan, Bayıl və 8-ci kilometr qəsəbələrində stadionların tikintisi davam etdirilir.

FİFA İcraiyyə Komitəsinin 2010-cu il 19 mart tarixli iclasında 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının ev sahibi hüququnun Azərbaycana verilməsi barədə qərar çıxarılıb. Bu, AFFA-nın fəaliyyətinin beynəlxalq futbol qurumlarının da diqqət mərkəzində olmasının göstəricisidir.

Təbii ki, uğurlu nəticələrdən danışarkən komandalarımızın qazandığı qələbələri xüsusi qeyd etmək lazımdır. Futzal üzrə milli komandamızın Avropa çempionatında IV yeri tutması, "Araz" klubunun UEFA kubokunda III yeri tutması, "Qarabağ" klubunun Avropa Liqasında play-off mərhələsinə qədər irəliləməsi, millimizin Türkiyə yığması kimi güclü rəqibi məğlub etməsi gələcəyə nikbin baxmağımıza əsas verən nəticələrdir.

AFFA prezidenti çıxışını bitirdikdən sonra Konfransı aparmaq üçün söz baş katib Elxan Məmmədova verilib. E.Məmmədov bildirib ki, Konfransın səlahiyyətli olub-olmadığını müəyyənləşdirmək üçün mandat komissiyasının məruzəsi dinlənilməlidir. Mandat komissiyasının sədri Gülağa Cabarov konfransda 35 səs hüquqlu nümayəndədən 32 nəfərinin iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu deyib.

\"\"E.Məmmədov Konfrans iştirakçılarını AFFA-nın hesabat dövründə fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxa baxmağa dəvət edib. Videoçarx nümayiş etdirildikdən sonra AFFA-nın baş mühasibi Yusif Həmidov 2010-cu il maliyyə hesabatı və 2011-ci il büdcə layihəsi barədə məlumat verib.

Respublika Auditorlar Palatasının Bakı şəhər Audit Təşkilatının auditoru Xanbaba Quliyev hesabat dövrü ilə bağlı məruzə edib.

Çıxışlar başa çatdıqdan sonra Konfransda aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunsun

2. AFFA-nın maliyyə hesabatı qəbul edilsin və növbəti ilin büdcəsi təsdiq olunsun

3. Bakı şəhər Auditor təşkilatının hesabatı qəbul edilsin və həmin təşkilatla müqavilənin müddəti artırılsın

4. Fəaliyyət müddəti başa çatdığı üçün Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Orqanı və Apellyasiya Komitəsinin yeni üzvlərinin siyahısı aşağıdakı tərkibdə təsdiq olunsun:

Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Orqanı

1. Elçin Usub - sədr

2. Vladimir Fyodorov – üzv

3. Elçin Səmədli - üzv

4. Mahmud Yusifov - üzv

5. İslam Bayramov - üzv

6. Firdovsi Qasımov - üzv

7. İslam Abbasov - üzv

Apellyasiya Komitəsi

Nazim Əliyev - sədr

2. Quluzadə Rauf - üzv

3. Axundov Nazim - üzv

4. Anar Yusubov - üzv

5. Namiq Zamanov - üzv

6. Hacıyev İlham - üzv

7. Mövsümov Famil - üzv

\"\"Müvafiq qərarlar qəbul olunduqdan sonra E.Məmmədov ölkəmizdə yeniyetmə və gənclərin peşəkar futbolçu kimi yetişməsinə şərait yaratmaq məqsədilə AFFA tərəfindən "Elit məşq" layihəsi tətbiq olunduğunu xatırladıb. O, bildirib ki, bu layihə Almaniyada həyata keçirilir və müsbət nəticələr verməkdədir. Almaniya Futbol İttifaqı ilə razılaşmaya əsasən, "Elit məşq" layihəsi ilə bağlı kitab Azərbaycan dilinə tərcümə olunub. Baş katib deyib ki, konfrans iştirakçılarına təqdim olunan bu kitab AFFA tərəfindən bütün klublara, futbol məktəblərinə veriləcək.

Sonra söz UEFA prezidentinin müşaviri Paskal Torresə verilib. P.Torres çıxış edərək futbolun inkişafı məqsədilə AFFA-nın həyata keçirdiyi tədbirlərin UEFA tərəfindən diqqət mərkəzində saxlanıldığını və yüksək qiymətləndirildiyini deyib.

Konfransa AFFA-nın prezidenti Rövnəq Abdullayevin qısa fikirlərini bildirməsi ilə yekun vurulub:

- Hesabat dövrü ərzində AFFA-nın həyata keçirdiyi tədbirlərə bir daha nəzər saldıq. Düşünürəm ki, əldə olunan uğurlarla kifayətlənməməli, daha böyük qələbələr qazanmaq üçün səylərimizi gücləndirməliyik. Bütün bu uğurların əldə olunmasına görə Azərbaycan futbol ailəsinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm. Əldə olunan bütün uğurlar bizim birgə fəaliyyətimizin nəticəsidir.

Biz birlikdə güclüyük!

Konfrans başa çatandan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня