Sergey Karyakin: "Yenidən Şəhriyarın köməyinə ehtiyacım olacaq" AÇIQLAMA
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin 1-ci turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. SİA-nın məlumatına görə, partiyadan sonra Ş.Məmmədyarov və S.Karyakin media nümayəndələrinin suallarını cavablandırıblar.
Ş. Məmmədyarov görüşün maraqlı keçdiyini qeyd edib: "Sergeylə oynamaq hər zaman maraqlıdır. Bu gün ilk tur olduğu üçün nəticəni normal qəbul edirəm. Nəzərə alaq ki, bir-birimizi yaxşı tanıyırıq. Dünya Kubokunda Karyakinə məğlubiyyətimi xatırlamaq istəməzdim. Ondan sonra bir neçə dəfə qarşılaşmışıq".
Şahmatçı Şəmkir turnirinin önəmli olduğunu, yarışda ən güclü zəka sahiblərinin iştirak etdiyini bildirib. O, S.Karyakinlə oyuna hazırlaşmağın asan olmadığını deyib: "İddiaçılar turnirində Sergeyə kömək etmişəm. Çox güclü şahmatçıdır. Çoxları İddiaçılar turnirində onun şansının az olduğunu deyirdi. Lakin Karyakin yüksək səviyyəli şahmatçı olduğunu sübut etdi. Onu Maqnus Karlsenlə çətin görüş gözləyir. Karyakinə lazım olarsa, yenidən kömək etməyə hazıram. Karlsenlə oyuna ciddi hazırlaşmaq vacibdir. O, təsadüfi olaraq İddiaçılar turnirində qələbə qazanmayıb. Dünya çempionluğu uğrunda görüşdə çox maraqlı mübarizə olacaq".
Rusiya təmsilçisi Sergey Karyakin isə Ş.Məmmədyarovun köməyinə ehtiyacı olduğunu deyib: "İlk turdakı oyundan razı qaldım. Partiyada irəliləyiş hiss olunmurdu. Ona görə bir növ ədalətli nəticə oldu. Ş.Məmmədyarov İddiaçılar turnirində qələbə qazanmağıma kömək edən şahmatçılardan biri oldu. Çempionluq matçına hazırlıq zamanı yenidən Şəhriyarın köməyinə ehtiyacım olacaq. Şəhriyarla işləmək rahatdır. Uzun müddətdir birgə oynayırıq. Həyatda dost olmağımıza baxmayaraq, yarışda bir-birimizi məğlub etməyə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB