Güləşçilərimiz I Dünya təsnifat turnirində iştirak edəcəklər

Aprelin 22-24-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən güləş üzrə I Dünya təsnifat turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq.

Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.

Sərbəst güləş yarışlarında ölkəmizi Mircəlal Həsənzadə (57 kq), yunan-Roma güləşi yarışlarında Həsən Əliyev (66 kq) və Orxan Nuriyev (98 kq), qadın güləşi yarışlarında isə Gözəl Zutova (69 kq) təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 22-də yunan-Roma, 23-də qadın, 24-də isə sərbəst güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə səhər saat 04:00-da, final görüşləri isə 13:00-da başlayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə