Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasında qonaqların və iştirakçıların məskunlaşacağı otellərlə qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalayıb. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imzalanma mərasimində çıxış edən Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov əməkadaşlığa görə təşəkkürünü bildirib və Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsində otellərin rolunun böyük olduğunu qeyd edib: "Bakıda çoxlu sayda yüksək səviyyəli otellər var. Əməliyyat Komitəsi olaraq əməkdaşlıq etdiyimiz otellərin ən yaxşılar sırasında olduğuna əminik. Olimpiadada 175-dən çox ölkədən 2500-dən artıq şahmatçı, məşqçi, rəsmilər və qonaqlar paytaxtımıza gələcək. Onların 15 gün ərzində yaxşı şəraitdə yaşamasını təmin etmək vacibdir. Ən vacib məqamlardan biri qidalanma ilə bağlıdır. Kütləvi yarışlarda hamını razı salmaq çətin olsa da, mümkündür. Sizlərlə birgə 42-ci Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcəyimizə inanırıq".
FİDE-nin vitse-prezidenti, hazırda qurumun rəhbəri vəzifəsini icra edən Georgios Makropulos olimpiadaya dəstək olduqları üçün bütün otellərə təşəkkür edib: "Şahmat Olimpiadası idman təqvimində ən kütləvi yarışlardan biri sayılır. 170-dən çox ölkənin iştirak etdiyi yarışda qonaqların qalacağı məkan diqqət mərkəzində olan amillərdən biridir. Şahmat Olimpiadasının bir hissəsi olaraq Əməliyyat Komitəsi ilə əməkdaşlığa görə sizə təşəkkür edirik. Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışlar təşkil edib. 2015-ci ildə Dünya Kuboku bu gözəl şəhərdə yüksək səviyyədə keçirildi. Ona görə Bakıdakı olimpiadanın da ən yaxşı xatirələrlə yadda qalacağına ümid edirik".
Qeyd edək ki, mərasimdə "Fairmont Hotel", "Holiday Inn", "Park Inn", "Intourist", "Boulevard Hotel", "Qafqaz City", "Qafqaz Sport", "Hilton" və "Days Inn" otelləri ilə müqavilələr imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB