“Qəbələ” klubu üç xal qazandı

“Qəbələ” klubu üç xal qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir. SİA xəbər verir ki, turun digər matçında "Neftçi" klubu "Qəbələ" ilə üz-üzə gəlib. "Neftçi" son səkkiz qarşılaşmada olduğu kimi, bu dəfə də rəqib komandaya qalib gələ bilməyib. Rəqibi ilə keçirdiyi dörd matçdan qalibiyyətlə ayrılan "Qəbələ" isə yenə də üç xalı qazanan tərəf olub.

Qarşılaşmaya inamlı başlayan "Neftçi" birinci hissənin 26-cı dəqiqəsində Salas Quinta Antonionun qolu ilə hesabda irəli çıxıb. İlk hissənin sonunadək oyuna hakim olan meydan sahibi ikinci hissədə təşəbbüsü əldən verib. "Qəbələ" 52-ci dəqiqədə Rafael Santosun zərbəsi ilə görüşdə tarazlığı bərpa edib. Matçın 80-ci dəqiqəsində bakılıların heyətində Rodriqes Filyo Jairo qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Bundan on dəqiqə sonra "Neftçi" qapısında növbəti qolu görüb. Rəşad Eyubov komandasının qələbəsini rəsmiləşdirib. Beləliklə, "Neftçi" doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra paytaxt təmsilçisi 31 xalla altıncı sıradakı yerini itirərək yeddinci pillədə qərarlaşıb. Xallarının sayını 41-ə çatdıran Roman Qriqorçukun komandası isə ikinci pillədəki "Zirə" ilə xal fərqini 3-ə endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə