Bu gün gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven ilə görüşüb. SİA-nın məlumatına görə, nazir ölkəmizdə paralimpiya hərəkatının inkişafına göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.
Görüşdə Azərbaycan atletlərinin cari ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Paralimpiya Oyunlarındakı çıxışı barədə müzakirələr aparılıb. Həmçinin gələn il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına paralimpiya idman növlərinin salınmasının mümkünlüyü barədə danışıqlar gedib.
Ser Filip Kreven ölkəmizdə uğurla inkişaf edən paralimpiya Hərəkatının əhəmiyyətini yüksək qiymətləndirib, komitənin 20 illiyi münasibətilə nazir və qurumun əməkdaşlarını təbrik edib. Ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən qonaq "Bakı-2015" ilk Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların çıxışının Azərbaycanda bu sahəyə olan diqqətin nümunəsi olduğunu vurğulayıb.
Sonra ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif olunma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısı, paralimpiyaçılarımızın uğurları və gələcək layihələr haqqında danışıb.
Nazir A. Rəhimov paralimpiyaçılarımızın "Rio-2016"da uğurla çıxış edəcəyinə əminliyini ifadə edərək deyib ki, atletlərimiz planetin ən nüfuzlu idman yarışına lisenziyalar qazanırlar: "Bizim ikiqat Paralimpiya çempionumuz var. Bu, ölkəmizdə paralimpiya hərəkatının inkişafından xəbər verir".
Sonda Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB