Roman Qriqorçuk: "Daha yaxşı nəticə qazana bilərdik"

Roman Qriqorçuk: "Daha yaxşı nəticə qazana bilərdik"

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK (Yunanıstan) – "Qəbələ" oyunundan (0:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, ukraynalı mütəxəssis "Krasnodar" - "Borussiya" oyununun nəticəsini bildikdə məyus olduğunu qeyd edib: "Bu vəziyyətdə qalib gəlsən də, xeyri olmayacağını bilirsən. Amma buna baxmayaraq, biz bu oyuna çıxmalı idik. Ola bilər ki, belə oyunlar hansısa futbolçunun təcrübəsində az olub, ya da heç olmayıb. Buna görə də oyunçularıma dedim ki, nəticə necə olursa olsun biz çıxıb futbolumuzu nümayiş etdirməliyik. Futbolçularımdan, onların matça yanaşmasından razı qaldım. Ümumilikdə yaxşı oynadıq. Komandam haqda yalnız müsbət fikirdə olduğumu deyə bilərəm. Matça daha hazırlıqlı olanlar çıxmışdı. Start heyətini həmişə buna əsasən müəyyənləşdiririk. Futbolçularımız bu qarşılaşmada bir az fəal və aqressiv olsaydı, daha yaxşı nəticə qazana bilərdik. Amma bu gün oyunçularımla fəxr edirəm. Bundan sonra keçirəcəyimiz çempionat və avrokubok matçlarında qələbə qazanmağa çalışacağıq. Qrupdan çıxmaq üçün komanda çox güclü olmalıdır və heyətdə 3-4 elə oyunçu olmalıdır ki, vəziyyəti dəyişə bilsin. Sadəcə işləməli, bu oyunların təhlilini etməli və nəticə çıxarmalıyıq. Yolumuza çempionatda davam edəcəyik. Qarşıda zamanımız var və bundan öz xeyrimizə istifadə etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə