Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakıda, "Bakcell Arena"da "Qəbələ" klubu Dortmundun "Borussiya" kollektivini qəbul edib. SİA-nın məlumatına görə, maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qonaqlar 1:3 hesabı ilə qalib gəliblər. Bununla da "Qəbələ" avroliqada keçirdiyi son beş ev oyununda qol buraxmama ənənəsini altıncı görüşdə qoruya bilməyib.
Qarşılaşmanı xorvatiyalı baş hakim İvan Bebek idarə edib. Onun köməkçiləri isə həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç olublar.
Oyunun əvvəlində Roman Qriqorçukun yetirmələri rəqibin qapısı qarşısında bir neçə qol vəziyyəti yaratsalar da, bu imkanlardan istifadə edə bilməyiblər. Tədricən təşəbbüsü ələ alan qonaqlar oyunda dönüş yarada biliblər. Qarşılaşmanın 31-ci dəqiqəsində "Qəbələ"nin müdafiəçilərinin səhvindən sonra topu ələ keçirən qonaqlar hesabı açıblar. Marko Reusun ötürməsini Aubameyanq dəqiq zərbə ilə tamamlayıb – 0:1. Oyunun 38-ci dəqiqəsində "Qəbələ"nin cərimə meydançasına daxil olan Aubameyanq qapını dəqiq nişan alaraq özünün və komandasının ikinci qolunu vurub.
İlk hissə qonaqların 0:2 hesablı üstünlüyü ilə başa çatıb.
Komandalar ikinci hissəyə də qarşılıqlı hücumlarla başlayıb. Qarşılaşmanın 72-ci dəqiqəsində Aubameyanq üçüncü qolu "Qəbələ"nin qapısından keçirərək het-trikə imza atıb – 0:3. Oyunun son dəqiqələrində hücumlarını daha da artıran "Qəbələ" nəhayət istəyinə çatıb. Matçın əsas vaxtına əlavə edilən vaxtın son saniyələrində "Qəbələ"nin kapitanı Dodo rəqib qapısına yol taparaq komandasının təsəlli qolunu vurub – 1:3. Oyun bu hesabla da başa çatıb.
"C" qrupunda keçirdiyi üç oyundan bir xal toplayan "Qəbələ" qrupda sonuncu sırada qərarlaşıb. "Borussiya" isə xallarının sayını 7-yə çatdıraraq liderliyini möhkəmləndirib. Qrupun digər oyununda isə Rusiyanın "Krasnodar" komandası doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB