Boksçumuz dünya çempionatında iştirak edə bilməyəcək

Boksçumuz dünya çempionatında iştirak edə bilməyəcək

Dünya çempionatında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşəcək boks üzrə Azərbaycan milli komandası oktyabrın 1-də Bakıda sonuncu məşqinə çıxıb.

Yarışda millimizin heyətində 9 boksçunun iştirakı nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Həkimlər Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. Birinci Avropa Oyunlarında zədələnən boksçumuz Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.

Məhəmmədrəsul Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını vurğulayaraq deyib: "Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəyəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. Üçüncü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu, son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, sonra isə gələn il Bakıda keçiriləcək sonuncu yarışda iştirak edəcəyəm. İnanıram ki, Olimpiadaya vəsiqə qazanaraq uğurlu nəticəyə nail olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə