Robert Prosineçki: “Komandamız qələbə üçün mübarizə aparacaq” AÇIQLAMA
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, yığmamızın Malta millisi ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçının hazırlıqlarına martın 22-də başlayacağını bildirib. Baş məşqçi sözügedən oyun üçün heyəti martın 19-da açıqlayacağını qeyd edib: "Martın 18-də Azərbaycan Premyer Liqasında keçiriləcək növbəti tur qarşılaşmalarında yığmaya çağırmaq istədiyim futbolçuların heç bir problemlə üzləşməyəcəklərinə ümid edirəm. Malta ilə qarşılaşmada qələbə üçün əlimizdən gələni edəcəyik. Fevralın sonlarında keçirdiyimiz toplanışda komanda ilə tanış oldum. Həmin vaxt ilk dəfə bir araya gəldik. Öz futbol fəlsəfəmi futbolçulara çatdıra bildim. Düzdür, 6 gün az vaxt idi. Amma imkan daxilində futbolçularla çoxlu fərdi söhbət apardıq. Qarşıdakı toplanışda isə əlimizdən gələni edəcəyik ki, martın 28-də doğma azarkeşlər önündə yaxşı oyun sərgiləyək. Bütün komandamız qələbə üçün mübarizə aparacaq. Azarkeşlər bizdən bunu gözləyirlər".
R. Prosineçki milliyə çağıracağı futbolçularda yaş amilinə önəm verməyəcəyini vurğulayıb: "Həmişə demişəm ki, yaş mənim üçün önəmli deyil. Martın 28-də meydana yaxşı formada olan 11 futbolçu çıxacaq. Birinin 17, digərinin 28 yaşının olmasının mənim üçün fərqi yoxdur. Önəmlisi odur ki, oyunçu yaxşı formada olsun. Əsas heyətdə meydana çıxanların 95 faizi öz klublarında daim çıxış edənlərdən ibarət olacaq.
Kamran Ağayevi yığmaya çağıracağam. Onun son 2 qarşılaşmada meydana çıxmasına şadam. Ümidvaram ki, daimi oynayacaq. Amma onu da nəzərə almalıyıq ki, son aylarda Türkiyə Kubokunda 1, I Liqada isə 2 matçda meydana çıxıb. Oyun təcrübəsi tam çatışmır. Milliyə çağırıb baxacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB