Robert Prosineçki: "Azərbaycan futbolundakı problem odur ki..." MÜSAHİBƏ
Antalyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, yığmanın hazırlıq prosesi və komandanın durumu barədə danışıb:
- "İlk dəfədir komanda ilə birlikdəyik. Komandadan, yaradılan şəraitdən razıyam. Oyunçularda nizam-intizam, motivasiya çox yüksək səviyyədədir. Maksim Medvedev zədə aldığı üçün tibbi müayinədən sonra qərara aldıq ki, Bakıya qayıtsın, müalicəsini davam etdirsin. Üç məşq keçmişik. Birincisi bərpa xarakterli idi, digərləri isə daha ağırlıqlı məşqlər idi. Cəmi 6 gün burada olacağıq. İnanıram ki, Malta ilə oyunadək hazır olacağıq. Hazırda bütün məşqlərimizi Malta ilə oyun üçün qururuq. İstəyirəm ki, hücum futbolu oynayaq. Amma bu o demək deyil ki, müdafiəni unudacağıq".
- Rəşad Sadıqov dünənki hazırlıqda fərdi məşq edirdi...
- Rəşadın zədəsi yüngüldür. Dünənki məşqdə risk etmək istəmədik. Hazırda MRT müayinəsindən keçməyə gedib. Onun sabahkı görüşdə iştirakı vacib deyil. Əsas məsələ odur ki, martın 28-də Malta ilə keçirəcəyimiz oyuna hazır olsun.
- Ruslan Abışov və Qara Qarayev dünən iddialı açıqlamalar veriblər. Bu da baş məşqçiyə inamı artırıb. Qısa müddətdə buna necə nail olmusunuz?
- Bunu eşitmək mənə çox xoşdur. Futbolçularda özünəinamın yaranması yaxşı haldır. Oyunçularla fərdi və kollektiv söhbət etmişəm. Mən səmimi insanam, hər şeyi açıq deyirəm. Millidə kimin nə qədər oyun keçirməsi vacib deyil. Mənə sistemimə uyğun futbolçular lazımdır. Yaxşı oyunçuya subyektiv fikrimi bildirirəm. Buradakı futbolçular millidə oynamağa ən layiqlilərdir. Ola bilsin, kimsə bu fikirlərlə razılaşmasın. Əlimdən gələni edəcəyəm ki, futbolçular özlərinə inansınlar, bütün rəqiblərə qarşı əzmlə mübarizə aparsınlar. Azərbaycanlı futbolçularda belə potensial var. Deyə bilmərəm ki, İtaliya və ya Xorvatiyanı yenəcəyik. Əlimdən gələni edəcəyəm ki, rəqiblərimiz bizdən çəkinsinlər.
- Futbolçular Azərbaycan Premyer Liqasında elə də məhsuldar, hücum futbolu sərgiləmirlər. Bu halda necə hücum futbolu oynatmağa nail olacaqsınız?
- Dəyişdirmək belə asan olsaydı, hərəsinə bir "çip" qoyub dəyişdirərdim. Hücum futbolu oynamaq istəyirəm deməyim 8 futbolçu ilə irəli atılacağımız demək deyil. Hər bir futbolçu öz vətəni üçün oynadığını fikirləşməlidir. Əlindən gələni etməyən oyunçu millimizdə yer ala bilməz.
- Legionerlər Malta ilə oyuna çağırılacaqlar?
- Hər şeyi açıq danışmalıyıq. Mən və köməkçilərim xaricdəki oyunçuların çıxışlarını, neçə dəqiqə oynadıqlarını təhlil edirlər. Dmitri Nazarov əsas heyətdə oynamır, sonradan meydana daxil olur. Mahir Şükürov əsas heyətdə oynayır, Cavid İmamverdiyev isə çox oynamır. Vaqif Cavadov "Boluspor"a keçib, orada da 5-10 dəqiqə çıxış edir. Bunlar reallıqdır. Klubunda az oynayan futbolçunun yaxşı oynadığını deyə bilmərik. Eddi İsrafilov dünyanın ən güclü liqalarından birində çıxış etsə də, meydana çıxmır. Tuğrul Erat da az oynayır.
- Bəs necə düşünürsünüz, klubda təcrübəsi olmayan futbolçu millidə çıxış edə bilər?
- Belə bir şey ola bilər. Türkiyə I Liqasını nəzərdə tutmuram. Amma La Liqa başqadır. Bununla Türkiyə I Liqasının səviyyəsini aşağı salmaq istəmirəm. İstərdim ki, bütün futbolçular oynasınlar və əsas heyət üzvünə çevrilsinlər. Biz elə oyunçular çağıracağıq ki, təcrübələri olsun. Nazarovun yaxşı potensialı var, vaxtaşırı meydana çıxır. Belə oyunçuları yığmada görəcəyik. Malta ilə oyunadək vaxtımız var. Bütün legionerlərimizin klublarında daha çox oyun praktikası qazanacaqlarına inanırıq.
- Anton Krivotçuk klubsuz olduğu halda niyə yığmaya çağırılıb?
- Sizə bir sirr açacağam. Azərbaycan futbolunun böyük problemi odur ki, yüksək səviyyəli sol cinah oyunçusu yoxdur. İndidən deyim ki, Krivotçuk Maltaya qarşı oynamayacaq. Antonu ona görə çağırmışam ki, əsas millidə atmosferin necə olduğunu görsün. Amma gələcəkdə onu əsas millidə görəcəyik. Gələcəkdə bu təcrübəni davam etdirəcəyəm. Gənc və perspektivli futbolçunu gətirəcəyəm ki, əsas yığmadakı ab-havanı duysun, hiss etsin. Mənim gördüyüm U-17 çox bacarıqlı komandadır. İstedadlı futbolçuları çoxdur. Ümid edirəm ki, o heyətdən futbolçuları əsas millidə görəcəyik.
- Belə xorvat atalar sözü var ki, bir göyərçin bahar demək deyil. Bu mənada millimizdən nə gözləyirsiniz?
- Mən desəm ki, oyunçu yoxdur, vaxt yoxdur, düzgün olmaz. Gördüklərimə əsasən deyə bilərəm ki, perspektiv var. Çempionatın səviyyəsi, sürət aşağıdır, taktiki səhvlərə yol veririk. Amma oyunçularda keyfiyyət görürəm. İlk işimiz odur ki, 4 məğlubiyyətdən sonra komandada özünəinamı qaytaraq. Mən buna inanıram. Əlimizdən gələni edəcəyik ki, İtaliya və Xorvatiya yığmaları Bakıya gələndə onları çətin rəqibin gözlədiyini anlasınlar.
- Qapıçılarla bağlı hansı fikirdəsiniz?
- Səlahət Ağayev zədə üzündən toplanışa gəlməyib. Kamran Ağayevin problemi var. O, klubunu dəyişsə də, oynamır. Emil Balayev hələ "Ayntraxt"da meydana çıxmır. Səlahət Ağayev və Andrey Popoviç perspektivli qapıçılardır. Hər ikisi öz klublarında müntəzəm meydana çıxır. Hazırkı durum belədir ki, Səlahət Ağayev millinin bir nömrəli qapıçısıdır. Ümid edirəm ki, Kamran Ağayev öz klubunda meydana çıxaraq, əsas heyətdə yerini alacaq.
- Çempionatın bombardiri Nurlan Novruzov niyə yığmaya çağırılmayıb?
- Nurlan Novruzov yaxşı futbolçudur. 10 qol vurub. Statistikaya baxanda haqlısınız. Amma Nurlan mənim sistemimə uyğun futbolçu deyil.
- Elvin Məmmədovun hazırkı durumu sizi qane edirmi? Vaxtilə çıxış etdiyiniz mövqedə kimi görürsünüz?
- Futbolçu kimi özüm barədə danışmağı sevmirəm. Ümid edirəm ki, hər mövqeyə oyunçu tapacağıq. Elvinə gəlincə, bütün oyunçular barədə məlumatlıyam. O, uzun müddət zədəli idi. Futbolçu bir insan kimi də mənə vacibdir. Məmmədov zədə almamışdan bir neçə il öncə yaxşı futbolçu olub. Uzun müddət oynamayan futbolçunun forma yığmasına vaxt lazımdır. Hiss edirəm ki, yavaş-yavaş öz formasına qayıdır.
- Ruslan Qurbanovun klubunu dəyişməsinə münasibətiniz necədir?
- Mən bilmirəm ki, nəyə görə Ruslan "Neftçi"də əsas heyətdə oynamır. Bunu həmkarımı tənqid kimi qəbul etməyin. Onun bütün oyunlarını görmüşəm. Azərbaycan futbolundakı problem odur ki, oyunçu topu ötürdükdən sonra boş zonaya açılmır. Futbolçular topsuz oynamırlar. Oyunçu boş mövqeyə açılmalıdır ki, komanda yoldaşı ona ötürmə versin. Qurbanov topsuz da oynamağı bacarır. Ümid edirəm və inanıram ki, Ruslan "Hayduk"da əsas heyətə düşəcək. Nəticədə millidə də hücumda rəqabət yaranacaq. Toplanışda olan və olmayan oyunçuların Malta ilə matçda heyətə düşmək şansları var. Məqsədim odur ki, özünə inanan bir qrup yığım və rəqib qalib gəlsə də, çətinlik yaşasın. Mən də futbolçu olmuşam. Yeni baş məşqçi gələndə qeyri-adi şeylər göstərməyə çalışırdım.
- Daha hansı futbolçuların xarici klublara keçidinə yardımçı ola bilərsiniz?
- Konkret ad çəkmək istəməzdim. Amma inanıram və bilirəm ki, bir neçə futbolçu güclü çempionatda çıxış edə bilər.
- Futbolçular özünəinam hissini təlqin etməyinizə nə dərəcədə hazırlıqlıdırlar?
- Vaxt baxımından deyə bilmərəm. Proses başlayıb. Artıq az da olsa, dəyişiklik hiss edirəm. Mən Malta ilə matçda qələbə istəyirəm. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Futbol nəticəli idman növüdür. Malta ilə matçda qələbə qazansaq, bu, dəyişikliyi daha da sürətləndirəcək.
- Coşqun Diniyev atası və özünün milliyə dəvət aldığı ilk azərbaycanlı futbolçudur. Onun barəsindənə düşünürsünüz?
- Şahin Diniyevi tanıyıram. Amma Coşqunu milliyə ona görə çağırmamışam ki, atası Məşqçilər Komitəsinin üzvüdür. Coşqun Diniyev çox istedadlı futbolçudur. Onun oyun üslubu mənə yaxındır, gənc və ağıllı futbolçudur. Coşqun artıq sabah meydana çıxmaq şansı qazanacaq.
- Sabah yığmamız "Şaxtyor"la yoldaşlıq oyununda üz-üzə gələcək. Nəyə görə belə rəqib seçilib?
- Alternativ var idi. Amma "Şaxtyor" Avropada 10 ən güclü komandadan biridir. "Bavariya" ilə son oyunlarını görmüşəm.
Sabah hər bir oyunçu meydana çıxacaq. İlk 11-liyi də açıqlaya bilərəm: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov, Məhəmməd Qurbanov. İkinci hissədə isə başqa futbolçular oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB