Fuad Zeynalovun yetirmələri Azərbaycan çempionatında 6 medal qazandılar FOTOLAR
Kikboksinq üzrə böyüklər arasında XX Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarış Şağan Olimpiya İdman Kompleksində təşkil olunub. Çempionatda Azərbaycanın bir çox idman klub və cəmiyyətlərini təmsil edən idmançılar mübarizə aparıblar. Aprelin 4-dən 6-dək davam edən yarışın məqsədi Respublikamızda bu döyüş növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, cəmiyyətlərdə, klublarda, şəhər və rayonlarda kikboksinq üzrə bölmələrin işlərinə qiymət verilməsi, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə iştirak edəcək milli komandamızın heyətinin müəyyənləşdirilməsindən ibarətdir. Azərbaycan Kikboksinq Federasiyanın təşkilatçılığı ilə keçirilən yarışda kadetlər WAKO versiyaları üzrə qaydalara uyğun olaraq Layt Kontakt stilində, böyüklər isə Lou-Kik və K-1 stilində döyüşüblər.
Yarışda "Sərhədçi" İdman Klubunu baş məşqçi Fuad Zeynalovun rəhbərliyi altında 11 kikboksçu təmsil edib. Bunlardan 2-si böyüklər, 9-u isə kadetlər arasında keçirilən yarışlara qatılıblar. F.Zeynalovun yetirmələri ümumilikdə 6 medal qazanıblar.
Böyüklər arasında 86 kq çəki dərəcəsində döyüşən Şənlik Talıbov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kadetlərdən isə Qəşəm Məmmədov (31,5 kq) qızıl, Elşad Şahbazov (48 kq) gümüş, Kənan Qasımov (51 kq), Elcan Alıkişiyev (48+ kq) və Elmir Cəfərov (39 kq) bürünc medala sahib olublar.
Çempionatda I, II, III yerləri tutmuş idmançılara Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Kikboksinq Federasiyasının medalları təqdim olunub və həmin idmançılar milli yığma komandaların tərkibinə daxil ediliblər.
Qeyd edək ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi, 3 qat dünya, 2 qat Avropa çempionu, Sərhəd Qoşunlarının baş leytenantı F.Zeynalov özü də idmançı kimi dünya, Avropa çempionatlarına və peşəkar döyüşlərə qatılır. O, may ayının 10-da Yunanstanda start veriləcək dünya çempionatında titulunu (dünya çempionu) qorumaq uğrunda yarışacaq.
Elgün Vidadioğlu




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB