Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib
Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənli bağlanış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, "Fişt" Olimpiya stadionunda təşkil olunmuş mərasimdə əvvəlcə "Bu gözəl həyat" filminin musiqisinin sədaları altında hazırlanmış qayıq stadiona daxil olub. Soçi Qış Olimpiya Oyunlarının kiçik qəhrəmanı Lyubov əlində yarışın talismanı olan ağ ayı və digər iki yeniyetmə rusiyalı ilə iştirakçıları salamlayıb.
Sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iştirakçıları salamlayıblar.
Olimpiya Oyunlarında qızıl medal qazanmış rusiyalı idmançılar dövlət bayrağını gətirib və himnin sədası altında bayraq qaldırılıb. Rusiyanın dövlət himni Valeri Qerqiyevin rəhbərliyi altında uşaq xoru və 1000 gəncdən ibarət orkestrin ifasında səsləndirilib.
Daha sonra Rusiya Hərbi Məktəbinin barabançıları gözəl şou nümayiş etdiriblər.
Mərasimdə iştirakçı ölkələrin bayraqları meydana gətirilib və dünya ölkələri olimpiyaçılarının yürüşü olub. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956-cı ildə qoyulub. Bu yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir.
Qadınlar arasında 30, kişilər arasında isə 50 kilometr məsafəyə xizək yürüşü yarışlarının mükafatçılarına "Fişt" Olimpiya stadionunda medallar təqdim olunub.
Sonra Rusiya mədəniyyətinə həsr olunmuş bədii hissə başlayıb. Bədii hissədə məşhur pianoçu Denis Maçuev Raxmaninovun "İkinci fortopiano konserti" əsərini 62 fortapionun müşayiəti ilə ifa edib, Nikolay Karsakovun "Şəhrizad" simfonik süitasının sədaları altında Rusiyanın Böyük və Marinski teatrlarının aktyorları tamaşaçılara xoş anlar yaşadıblar. "Maskarad" filminin musiqisinin sədaları altında Rusiyanın 23 məşhur yazıçısının yaradıcılığına həsr olunmuş hissə nümayiş olunub. "Sirk möcüzələri" adlı hissədə 120 personaj tamaşaçılara təqdim olunub.
XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Olimpiya bayrağı BOK-un prezidenti T.Baxa təqdim olunub. Ali Olimpiya qurumunun prezidenti bayrağı 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Koreya Respublikasının nümayəndəsinə verib. Sonra Olimpiya Oyunlarının vətəni Yunanıstanın və Koreya Respublikasının bayraqları qaldırılıb və dövlət himnləri ilə yanaşı, Olimpiya himni də səsləndirilib.
Mərasimdə XXIII Pxençxan Qış Olimpiya Oyunlarının təqdimatı olub və Koreya Respublikasının mədəniyyətindən bəhs edən hissə nümayiş etdirilib.
Şou başa çatdıqdan sonra "Soçi-2014"ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlayıb, bu oyunların Rusiyada keçirilməsindən qürur duyduqlarını bildirib, mükafatçılar sırasında yer almış idmançıları təbrik edib.
BOK-un prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi T.Bax Soçidə keçirilən bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq yüksək təşkilatçılığa görə, Rusiya hökumətinə öz təşəkkürünü bildirib.
Sonda Soçi Qış Olimpiya Oyunlarının rəsmi talismanı ağ ayı, dovşan və bəbirin iştirakı ilə Olimpiya məşəli söndürülüb və atəşfəşanlıq olub. Soçi Rusiyanın yay kurort şəhəri olsa da, Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib.
XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunub. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxençxan şəhərlərini qabaqlayıb.
Soçi Olimiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur.
İyirmi beş min könüllünün qatıldığı Olimpiadada 2 min 800-ə yaxın idmançı öz gücünü yoxlayıb. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparıblar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaq. Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçı baxıb. Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunub. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışıb.
Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord müəyyənləşdirib. Soçidə 88 ölkədən olan idmançılar çıxış ediblər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 medal dəsti uğrunda mübarizə gedib ki, bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.
Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədə qərarlaşıb. Ev sahibi olan komandanın hesabında 13 qızıl, 11 gümüş və 9 bürünc medal var. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü pillədə yer alıblar. Azərbaycan Olimpiya Oyunlarında dörd idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib. Ümumilikdə XXII Qış Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıblar.
Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB