"Bakı" mötəbər FİTUR 2013 sərgisində

"Bakı" mötəbər FİTUR 2013 sərgisində

İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı, idman sektoru da təmsil olunur. İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir. Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm Nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur. Bu şərəfli missiya "Bakı" futbol klubunun üzərinə düşür.

Sərginin açılış mərasiminə qatılan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakşılarına uğurlar arzulayıblar.

"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov fəxri qonaqlara klubunun sərgidə iştirakı barədə ətraflı məlumat verib. Klubun Media və Marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev ziyarətçiləri "Bakı" futbol klubunun beynəlxalq əlaqələri, o cümlədən, İspaniyanın "Atletiko" Madrid klubu ilə əməkdaşlıq, bu müqavilənin Azərbaycan futboluna verəcəyi böyük fayda və perspektivlər haqda məlumatlandırıb.

Sərginin ilk günü Azərbaycan bölümü böyük marağa səbəb oldu. Fərəhlidir ki, "Bakı" futbol klubunun stendi önündə çoxsaylı ziyarətçi axını izləmək artıq adi hal kimi qəbul olunur. Diqqtədən yayınmır ki, İspaniya əhalisi və müxtəlif ölkələrdən gələn qonaqlar klub haqda daha çox məlumat əldə etmək niyyəti ilə stendin qarşısında daha çox ayaq saxlayırlar. Ümumiyyətlə, sərginin ilk günü Azərbaycan bölümünü on minlərlə adam ziyartə edib.

Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktur çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək. Sərgidə klubun təbliğat-təşviqat materialları, atributları, tarixi video və audio vəsaitləri yer alır.

Məlumat üçün əlavə edək ki, FİTUR sərgidi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcən ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqtə mərkəzində olur. Ötən il sərgini 154 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu il isə tədbirə 167 ölkədən 9142 şirkət və dövlər strukturu qatılıb.

"Bakı" və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan şərtlərdən yararlanan paytaxt təsmilçisi bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək. "Atletiko" futbolçuları və klub rəhbərliyinin nümayəndələri 1 fevral 2013-cü il tarixində sərgini ziyarət edəcək, futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr paylayacaqlar.

Sərginin əhəmiyyəti barədə yalnız o faktı vurğulamaq kifayət edər ki, ötən il bu tədbiri 100 mindən artıq Madrid sakini və şəhərin qonaqları ziyarət edib.

33-cü FİTUR Beynəlxalq Turizm sərgisi 3 fevral 2013-cü il tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə