Bakıda yeniyetmələrin Dünya çempionatının açılış mərasimi keçirilib

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş üzrə yeniyetmələr arasında Dünya Çempionatı başlayıb. Siasport.az saytının məlumatına görə, açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, son illər Azərbaycanda dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman sürətlə inkişaf edir. Bu gün ölkəmizdə bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı 2 qızıl, 2 gümüş və 3 bürünc medalın əhəmiyyətini qeyd edib. R.Martinetti iştirakçıları salamlayıb, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür edib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev güləş üzrə yeniyetmələr arasında Dünya çempionatının iştirakçılarını salamlayıb və bu mötəbər turnirin təşkilində ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz təşəkkürünü bildirib. N.Əliyev deyib: "2012-ci il Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə "İdman ili" elan edilib və bu da təbii ki, idmanın inkişafına yeni bir təkan verib. Bunun nəticəsidir ki, bir neçə gün öncə Londonda başa çatan XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış edərək Vətənimizə 10 medalla dönüblər. Onlardan 7-si Azərbaycan güləşçiləri tərəfindən qazanılıb ki, bu da Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin daha bir göstəricisidir".

London Olimpiadasından sonra keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, təcrübələrini artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti yeniyetmələrin Dünya çempionatını açıq elan edib.

Daha sonra FİLA tərəfindən Azərbaycan Güləş Federasiyasının nümayəndələri təltif edilib. Azərbaycan Güləş Federasiyasının Beynəlxalq Yarışların Təşkili üzrə Daimi Komissiyasının sədri Sahir Məmmədxanov Bakıda keçirilən beynəlxalq yarışların yüksək səviyyədə təşkilindəki xidmətlərinə görə FİLA-nın qızıl medalı ilə təltif olunub.

Azərbaycan Güləş Federasiyasının Baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Azərbaycanda güləşin inkişafındakı xidmətlərinə və güləş qaydalarının yüksək səviyyədə tətbiqinə görə FİLA-nın gümüş medalı ilə mükafatlandırılıb.

Yarışlarda dünyanın 41 ölkəsindən 850-dək idmançı dünya çempionatının mükafatları uğrunda mübarizə aparır.

Çempionat avqustun 27-də "Crescent Beach" otelində çimərlik güləşi növü üzrə yarışlarla başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə