SDU-nun tələbələri yubiley uğurları əldə edib

Sumqayıt Dövlət Universitetinin (SDU) idmançıları nailiyyətlərinin sayını artırmaqda davam edir. SİA-nın məlumatına görə, bu günlərdə sona çatan Azərbaycan ali məktəblərinin əməkdaşları arasında keçirilmiş 6 növ üzrə (mini futbol, voleybol, şahmat, dama, nərd və stolüstü tennis) idman yarışlarında Sumqayıt Dövlət Universitetinin komandası uğurla çıxış edərək ümumilikdə II yeri tutub.

Məlumat üçün bildirək ki, SDU-nu təmsil edən komandalar mini futbol üzrə yarışlarda I yer, dama üzrə yarışlarda II yer, stolüstü tennis yarışında isə III yerə layiq görülüb. Ümumiyyətlə, universitetin son aylardakı idman uğurları ardıcıl xarakter daşıyıb. Belə ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bu yaxınlarda keçirdiyi ali təhsil müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə çempionatında SDU-nun komandası III yer tutub.

Qeyd edək ki, Mart ayında isə boks üzrə Ukraynanın Xarkov şəhərində keçirilən Beynəlxalq yarışda 69 kq çəki dərəcəsində SDU-nu təmsil edən Ağabala Nurulu III yer tutaraq universiteti layiqincə təmsil edib. Mart ayında Kimya və Biologiya fakültəsinin tələbəsi Rəşad Məmmədov da Azərbaycana uğurla qayıdıb. Belə ki Ju-Jitsu (əlbəyaxa döyüş) üzrə Dünya Çempionatında III yerə layiq görülüb. O, daha bir uğura Ukraynanın paytaxtı Kiyev şəhərində imza atıb. R.Məmmədov Ju-Jitsu döyüş növü üzrə keçirilən III Dünya Çempionatında III yer tutub.

Onu da əlavə edək ki, Fevral ayında universitetin Filologiya fakültəsinin tələbəsi Şaiq Muradlı da Azərbaycanı uğurla təmsil edib. Karate-Budo üzrə Türkiyədə keçirilən Avropa çempionatında Ş. Muradlı 72 kq çəki dərəcəsində uğurla çıxış edərək qızıl medala layiq görülüb. Ş. Muradlı daha bir uğura may ayında İran İslam Respublikasının Tehran şəhərində imza atıb. O, bu şəhərdə keçirilən Asiya çempionatında uğurla çıxış edərək qızıl medala layiq görülüb. Kyokuşinkayan kontakt karate üzrə Bakı şəhərinin açıq çempionatında isə İqtisadiyyat fakültəsinin tələbəsi Elvin Göyçəliyev 70 kq çəki dərəcəsində I yeri tutub. May ayında Rusiya Federasiyasında Ryazan şəhərində keçirilən boks üzrə Beynəlxalq turnirdə də SDU-nun tələbəsi uğurla çıxış edib. Universitetin İqtisadiyyat fakültəsinin tələbəsi Nurulu Ağabala turnirdə III yeri tutub.

Nəhayət, aprel-may aylarında Azərbaycanın 36 ali məktəbinin tələbələri arasında keçirilən futbol üzrə IV ölkə çempionatında Sumqayıt Dövlət Universitetinin yığma komandası iştirak edib. Universitetin komandası I və II mərhələdə uğurla çıxış edərək payızda keçiriləcək 12 universitet komandalarının tələbələri arasında keçiriləcək Futbol Liqasında çıxış etmək üçün lisenziya qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə