Bakıda 5 mart-Bədən tərbiyəsi və İdman günü qeyd edilib

Bakıda 5 mart-Bədən tərbiyəsi və İdman günü qeyd edilib

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5-mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, veteran idmançılar və bir neçə idman nümayəndələri iştirak edib. Qeyd edək ki, idman gününə həsr olunmuş tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idman sahəsində görülən işlərdən və 2020-ci Olimpiadasında Bakının namizədliyi istiqamətində görülən işlərdən danışıb: "Bu bayram günündə bütün idmançıları, idman sevərləri və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Həqiqətən də bu ümumxalq bayramıdır. İdmanda olan uğurlar və nailiyyətlər onu sübut edir ki, Azərbaycan həqiqətən də idman ölkəsidir. Ölkəmizin idman sahəsində bazası möhkəmlənir, çoxlu nailiyyətlər əldə olunur. Bu il cənab prezident İlham Əliyevin sərəncamı ilə idman ili elan olunub. Bu il ərzində bütün Azərbaycan xalqı gözəl tədbirlərin, yarışların, müxtəlif çempionatların şahidi olacaq. Biz istəyərdik ki, bu il həqiqətən də gözəl keçsin. Biz həmçinin 2012-ci il London Olimpiadasında iştirak edəcəyik. İnanırıq ki, bizim komanda böyük tərkiblə Londonda olacaq, Bakı 2020- ci ilin namizəd şəhəridir və bu istiqamətdə Azərbaycanda çoxlu işlər aparılır. Ümid edirik ki, yaxın zamanda Olimpiadaya ev sahibliyimiz elan olunacaq".

Onu da əlavə edək ki, bundan sonra müxtəlif idman növləri üzrə çıxışlar izlənilib.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə