Berti Foqtsun müqaviləsi daha iki il uzadıldı

Berti Foqtsun müqaviləsi daha iki il uzadıldı
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Dövlət Neft Şirkətinin əsas binasında keçirilən iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Qasımov, İskəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev iştirak ediblər. Aparılan müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub. Məlum olub ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb. "İnter" PİK-in "Şəfa" stadionunu satın alması ilə bağlı müraciəti müsbət cavablandırılıb, bununla bağlı müvafiq sənədlərin hazırlanması baş katibə həvalə olunub.
Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub. Ağasəlim Mircavadov və Rüstəm Rəhimova təqaüdün verilməsi məsələsinə İcraiyyə Komitəsinin növbəti iclasında baxılacağı qərara alınıb.
Daha sonra Baş katib Elxan Məmmədov AFFA ilə Coca-Cola şirkəti arasında bağlanmış müqavilə çərçivəsində uşaq futbolunun inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə İcraiyyə Komitəsinə ətraflı məlumat verib. İcraiyyə Komitəsinin üzvləri bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə