Rəşad Abdullayev: \"Mənim üçün ən əsas mütəxəssislər və medianın fikirləridir\"-MÜSAHİBƏ

Rəşad Abdullayev: \"Mənim üçün ən əsas mütəxəssislər və medianın fikirləridir\"-MÜSAHİBƏ

2011/2012-ci il mövsümündə Azərbaycan Premyer Liqasının sentyabr ayı üçün ən yaxşı futbolçusu bu gün mükafatlandırılacaq. Siasport.az saytı xəbər verir ki, bu, \"Neftçi\"nin yarımmüdafiəçisi Rəşad Abdullayevdir. 30 yaşlı oyunçu elitada çıxış edən klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən fərqlənib.

R. Abdullayev futbolpress.az-a müsahibə verib. Müsahibəni nəzərinizə çatdırırıq:

- Sözün düzü, seçiləcəyimi gözləmirdim. İstər \"Neftçi\"də, istərsə də əvvəlki klublarımda oynadığım vaxt həmişə çalışmışam ki, komandama xeyirli olduğumu sübut edim. Mənim üçün ən əsas mütəxəssislər və medianın fikirləridir. Karyeram boyu kənardan göstərilən münasibət mənim üçün önəmli olub. Özümə heç vaxt qiymət verməmişəm. Futbolçunun dəyəri kənardan bilinər. Məni bu mükafata layiq görüblərsə, hər birinə təşəkkürümü bildirirəm.

- \"Qarabağ\"la oyun barədə fikirlərin...
- Bu oyun çətin keçdi. Derbi görüşündə qələbə qazanmağı çox istəyirdik. Son iki qarşılaşmada oyunumuz alınmırdı. Komanda pis vəziyyətdə idi. Bunu bəxtsizliklə əlaqələndirərdim. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Nə qədər çalışsaq da, top qapıya girmirdi. \"Qarabağ\"la qarşılaşmada bunları aradan qaldırmaq fikrindəydik.

- 2:0 məğlub durumda olarkən qələbədən əlinizi üzmüşdüz?
- Oyun istədiyimiz kimi başlamadı. 25 dəqiqəyə gözlənilmədən qapımızda 2 qol gördük. Ancaq ruhdan düşmədik. Əfranın qolundan az sonra mən fərqləndim. Demək olar ki, bu qoldan sonra inamımız daha da artdı. İkinci hissədə də 2 qol gəldi və qələbə qazandıq.

- Komandanın ilk qolunu vurdun. VI turda \"Qəbələ\"ni məğlub etdiyiniz oyunda da təxminən eyni nöqtədən fərqlənmişdin. Bu barədə nə deyərdin?
- Belə məsafələrdən cərimə zərbələrim yaxşı alınır. Həm də özümdə inam olur ki, qol vura bilərəm. 2:0 uduzduğumuz anda belə bir imkan düşdü. Bu hesabla fasiləyə getsəydik, ikinci hissə çox çətin olacaqdı. Ürəyimə dammışdı ki, fərqlənəcəm. Elə də oldu. Vurduğum qol komandada ruh yüksəkliyi yaratdı.

- Növbəti turda \"Turan\"la qarşılaşacaqsız...
- Bizi heç də asan oyun gözləmir. \"Turan\"ın heyətində güclü futbolçular yer alıb. Əsas odu ki, komanda \"Qarabağ\"la oyunun eyforiyasından çıxsın. Qarşıda hələ çox çətin oyunlar var. Qazanılan 1 xal belə çempionluq yolunda bizə çox lazım olacaq.

Rəşad Abdullayev sentyabrda \"Neftçi\"nin keçirdiyi 4 oyunun hamısında əsas heyətdə meydana çıxıb. Bunların 3-də sonadək oynayan Abdullayev 1-də 61-ci dəqiqədə əvəzlənib. Oyunların 3-də \"Neftçi\" qalib gəlib, 1-də uduzub. Təcrübəli yarımmüdafiəçi \"Qəbələ\"yə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada qollardan 1-inin müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə