“Simurq” klubu yeni baş məşqçisini təqdim etdi

“Simurq” klubu yeni baş məşqçisini təqdim etdi

Bu gün "Simurq" klubu yeni baş məşqçisini jurnalistlərə təqdim edib. Siasport.az saytı xəbər verir ki, tədbirdə "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev, yeni baş məşqçi Sergey Yuran və mətbuat xidmətinin rəhbəri Hüseyin İsmayılbəyli iştirak ediblər. Yeni baş məşqçi qeyd edib ki, klubla hələlik bir illik müqavilə imzalanıb. O, "Simurq"un prezidenti ilə telefonla danışdığını və daha sonra Azərbaycana gəldiyini deyib. Daha sonra baş məşqçi bildirib ki, klub rəhbərliyi onun qarşısında ilkin olaraq komandanın Premyer-Liqada qalması və ilk altılığa düşməsini məqsəd qoyub: "Bilirəm ki, buradakı işlər çox çətin olacaq. Ancaq komandanın səviyyəsinin qalxması üçün əlimdən gələni edəcəm. Ayın 26-28-də yoxlama oyunu keçirməyi planlaşdırırıq. Çempionatın başlamasına çox az vaxt qalıb. Bu müddətdə çətin də olsa komandanı formalaşdırmağa çalışacam".


S.Yuran qeyd edib ki, artıq köməkçilərini də seçib. O qeyd edib ki, köməkçilərindən biri Qazaxıstanın "Lokomativ" klubunda birlikdə çalışdığı İqor Yuşenko, digəri isə analizçi olaraq çalışacaq qardaşı Yuri Yurandır. Baş məşqçi vurğulayıb ki, onun üçün Zaqatalada və yaxud Bakıda olmağı heç bir önəm daşımır: "Mənim üçün paytaxt amili önəmli deyil. Mən işimi heç nəyi nəzərə almadan yüksək səviyyədə görməyə çalşıram".

Baş məşqçi ona daha yüksək yerlərdən təkliflər olduğunu, ancaq o, təcrübə baxımından hələ ki, qəbul etmədiyini bildirib. O, futbolçu və məşqçi karyerasından söz açıb. S.Yuran bildirib ki, işlədyi bütün klublarda maliyyə problemi ilə üzləşib və klubların çox bankrot olub. O, 2-3 il ərzində "Simurq"u "Qarabağ"ın səviyyəsinə çatdırmağın mümkün olduğunu qeyd edib. Baş məşqçi onu da bildirib ki, Azərbaycanda heç də yüksək əmək haqqı alan məşqçilər sırasında deyil. S.Yuran "Neftçi"nin baş məşqçisi Arif Əsədovun mətbuat konfransında kluba edilən transferləri "Simurq" kimi klubu yox, "Dinamo" Zaqreb kimi klubu məğlub etmək üçün həyata keçirdiklərini deməsini təəccüblə qarşılayıb. Baş məşqçi hər bir kəsin klublara hörmətlə yanaşmalı olduğunu vurğulayıb. O, baş məşqçinin belə, ifadələr işləməməli olduğunu, bu məsələyə çempionatda baxılacağını bildirib.

Klubun icraçı direktoru Vaqif Əliyev Arif Əsədovun fikirlərinə hörmətlə yanaşdığını, yoldaşlıq matçında onlara qalib gəldiklərini qeyd edib: "Bizim "Neftçi" ilə münasibətlərimiz yaxşıdır. Onlar hətta bizə oyunçu da veriblər. Arif müəllim, niyə belə fikir səsləndirib, başa düşə bilmirəm".


S.Yuran jurnalistin "Əgər "Simurq" birinci divizionda oynasaydı, yenə baş məşqçi kimi orada fəaliyyət gösdtrərərdiniz?" sualına "Yox, bu mənim səviyyəmdə deyil",- deyə cavab verib.


Sonda tərəflər arasında müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə