Bu gün Bakıda güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinə start verilib

Bu gün Bakıda güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinə start verilib

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan idmançıları ilə yanaşı 31 ölkənin - Avstriya, Estoniya, İsveç, Ukrayna, Fransa, Serbiya, Finlandiya, Yaponiya, Xorvatiya, Latviya, Böyük Britaniya, İspaniya, Norveç, Polşa, Rumıniya, ABŞ, İsrail, Monqolustan, Bolqarıstan, Macarıstan, Özbəkistan, Kanada, Gürcüstan, Qazaxıstan, Türkiyə, Belarus, Misir, İran, Qırğızıstan, Yunanıstan və Rusiyadan 500-ə yaxın idmançı mübarizə aparır.

Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən turnirdə xalça üzərinə sərbəst güləşçilər çıxıblar. Azərbaycanın idman şərəfini Mahmud Maqomedov, Yaşar Əliyev, Fərrux Ələkbərov, Azər Paşayev, Namiq Sovdumzadə (hamısı - 55 kq), Zəlimxan Hüseynov, Toğrul Əsgərov, Ağahüseyn Mustafayev, Hacı Əliyev, Ümüd Məmmədov, Cəlal Suleymanov, (hamısı - 60 kq), Cəbrail Həsənov, Xəqan Süleymanov, Emin Əzizov, Elmir Qəmbərov (hamısı - 66 kq), Aleksandr Qostiyev, Əşrəf Əliyev, Aqil Quliyev, İbrahim Yusubov, Elnur Əliyev (hamısı - 74 kq), Şarip Şaripov, Hacı Əlicanov, Nauruz Temrezov, İlya Xamikoyev (hamısı - 84 kq), Xetaq Qazyumov Xetaq, Mehman İmamquliyev (hər ikisi - 96 kq), Cəmaladdin Maqomedov, Valera Rodriges, Ali İsayev, Aslan Dzebisov (hamısı - 120 kq) qoruyurlar. Sərbəst güləş üzrə milli komandaya baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayev rəhbərlik edirlər.

Reqlamentə əsasən, turnirdə I-III yerləri tutmuş idmançılara diplom, medallar və pul mükafatı veriləcək. I yerin sahibinə 10000, onun şəxsi məşqçisinə isə 2000 ABŞ dolları mükafat veriləcək. II yeri tutmuş idmançı 5000, III yeri tutmuş hər bir idmançı isə 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə