"Bu yaxınlarda Azərbaycan minifutbol komandasının qazandığı tarixi qələbə bizim üçün sadəcə bir idman uğuru deyildi. Bu, xalq olaraq qürur duyacağımız, fəxr edəcəyimiz bir hadisə idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, ilk dəfə idi ki, Azərbaycan tarixində belə bir səviyyəli uğur qazanılırdı və bu, ölkəmiz üçün çox böyük bir əhəmiyyətə malikdir: "Bu qələbə sadəcə idmançıların yox, bütün xalqın, hər bir azərbaycanlının uğurudur. Ən önəmlisi isə bu qələbədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev komanda üzvlərini və federasiya rəhbərliyini qəbul etdi. Bu, sadəcə bir qəbul deyildi bu, səmimi, ruhlandırıcı və tarixi bir görüş idi.
Prezidentimizin bu qələbəyə verdiyi önəm, onun səsləndirdiyi fikirlər, Azərbaycan dövlətinin idmana göstərdiyi diqqəti bir daha nümayiş etdirdi. O görüşdə biz bir daha hiss etdik ki, dövlətimiz yalnız iqtisadi, siyasi və hərbi sahələrdə deyil, idman sahəsində də böyük gücə sahibdir. Azərbaycan bu qələbə ilə dünyaya bir daha göstərdi ki, biz yalnız torpaqlarımızı azad edən xalq deyilik, biz mədəniyyətdə, idmanda, elmdə, idman meydanlarında da qalib gələn bir millətik.
Doğrudan da, son illər ərzində idman sahəsinə dövlət tərəfindən göstərilən diqqət və dəstək öz bəhrəsini verir. İdmanın bütün növlərinin inkişaf etdirilməsi üçün aydın bir siyasi iradə mövcuddur və bu da nəticə verir.
Minifutbol komandamızın uğuru bu nəticənin bir nümunəsidir. Bəli, bu sadəcə bir komandanın qələbəsi deyil, bu, Azərbaycan idmanının uğur tarixçəsində daha bir şanlı səhifədir. Bu gün bizim idmançılarımız dünyanın müxtəlif ölkələrində, müxtəlif arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Bu, bizi sevindirir, ruhlandırır. Mən tam əminliklə deyə bilərəm ki, bu qələbələr davamlı olacaq. Gələcəkdə də biz Azərbaycan adını dünya idman aləmində eşidəcəyik. Minifutbolda qazandığımız bu tarixi zəfər, əmin olun, daha böyük uğurların müjdəçisidir. Biz fəxr edirik, çünki biz qalib xalqıq!".
Bütün xəbərlər Facebook səhifəmizdə