Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

SİA-nın məlumatına görə, Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, bu yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək. AGF-nin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi ölkə çempionatını beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Turnirin ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə saat 16:30-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə