"Əziz Şuşa" beynəlxalq velosiped yarışında günün mətbuat konfransı baş tutub

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən "Əziz Şuşa" beynəlxalq velosiped yarışının III mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, qaliblər müəyyənləşdikdən sonra mükafatlandırma mərasimi keçirilib. Yarışda birinci yerin sahibi Belçika komandasının üzvü Jari Verstraeten olub. İkinci yer Rumıniya komandasının üzvü Mihnea-Alexandru Harasim, üçüncü yer isə Qazaxıstan komandasının üzvü Anton Kuzmin olub.

Daha sonra isə III mərhələnin yekununa həsr olunmuş mətbuat konfransı baş tutub.

Konfransda çıxış edən "Əziz Şuşa" beynəlxalq velosiped yarışının direktoru Rolland Hofer bugün fərqli bir yarış gözlədiyini bildirib: "Çünki qarşıda bizi çətin dağlıq mərhələ gözləyir. Amma bugünkü yarış da kifayət qədər çətin keçdi. İdmançılar çox əmək sərf etdilər. Sabah daha qısa məsafə olacaq. İstəyirəm ki, ən azından sabahkı yarışda bütün idmançılar finiş xəttinə çatsın".

Mətbuat konfransında III mərhələnin qalibi Jari Verstraeten də yarış barədə fikirlərini bölüşüb. O qeyd edib ki, bu gün çox çətin mərhələ oldu: "Başlanğıc eniş olduğu üçün sürətli keçdi. Aralıq sprintdə bir qrup ayrıldı. Mənim də daxil olduğum dörd nəfərlik qrup liderliyi ələ aldı. Yol çox uzun idi. Finişə 20 kilometr qalmış öz sprintimə arxalanaraq qalib olacağıma ümidim artdı. Çox xoşbəxtəm ki, sırf bu gün qalibiyyəti əldə etdim. Çünki növbəti günlərdə dağlıq mərhələlər bizi gözləyir. Düşünürəm ki, bu mənim üçün daha çətin olacaq".

Daha sonra isə üç mərhələnin liderliyini ələ alan Emanuele Ansaloni bildirib ki, birinci mərhələdə bir neçə saniyə məni sarı köynəkdən ayrı saldı. Bugün isə komandamın köməyilə sarı köynəyə sahib oldum. Sabah və növbəti gün daha çətin olacaq. Mən çalışacam ki, liderliyi qoruya bilim. Doğrudur, ilk iki mərhələdə sarı köynəyin sahibi olan Martin Papanov güclü rəqibdir. Amma mən özümə güvənirəm və qalib gələcəyimə inanıram".

Xatırladaq ki, idmançılar 10 iyun tarixində Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafəni qət edəcəklər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə