Beynəlxalq Xokkey Federasiyası rus və belaruslara “yox” deyir

Beynəlxalq Buzda Xokkey Federasiyası Şurası 2023/24 mövsümündə Rusiya və Belarus yığmalarını himayəsində olan turnirlərə qaytarmamaq barədə qərar qəbul edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilən məlumatda deyilir.

Açıqlamada vurğulanır ki, qərar müfəssəl risk qiymətləndirməsi əsasında qəbul edilib. Şura belə qənaətə gəlib ki, Rusiya və Belarus yığmalarının Beynəlxalq Buzda Xokkey Federasiyası yarışlarına yenidən daxil olması hələlik təhlükəsiz deyil.

Xatırladaq ki, ötən ilin mayında Beynəlxalq Buzda Xokkey Federasiyası Rusiya və Belarusu DÇ-2023-də iştirakdan kənarlaşdırmışdı.

Bir ay əvvəl qurum Rusiyanı turnirə ev sahibliyi etmək hüququndan məhrum edib.

Xatırladaq ki, çempionat mayın 5-dən 21-dək Sankt-Peterburqda keçirilməli idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə