BP və tərəfdaşları tərəfindən dəstəklənən layihələrin təqdimatı olub - YENİLƏNİB- FOTOLAR

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları- "SOCAR", "TPAO", LUKOİL", "NİCO", "MOL", "SGV", "İNPEX", "Eni"- adından üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsün başlanmasını elan edib.

SİA xəbər verir ki, layihələrin əsas məqsədi ən qabaqcıl təcrübələri formalaşdırmağa və əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün ən yaxşı həll yollarını müəyyənləşdirməyə kömək etməkdir.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: "Tərəfdaşlarımızla birlikdə sosial sərmayə layihələrimiz vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ edərək əlilliyi olan insanların inteqrasiya imkanlarını fəal şəkildə təşviq etmək niyyətindəyik. Uğurla başa vurduğumuz üç layihənin və bu gün elan etdiyimiz yeni layihələrin ortaq bir məqsədi var- münasibətlərdə, dəyərlərdə və düşüncələrdə heç bir sosial təcridə yol verməyən bir cəmiyyətin formalaşmasına yardım etmək. Ən əsası isə, biz ümid edirik ki, iki yeni layihə vasitəsilə bu sosial dəyişikliyin miqyasının və əhatə dairəsinin genişlənməsinə və kənd icmalarında inklüziv təhsil barədə məlumatlılığın artmasına kömək edəcəyik. İnanırıq ki, inklüziv cəmiyyətin təşviqinə töhfə verməklə biz ölkənin davamlı inkişafına dəstək vermiş oluruq. Bu inkişaf prosesində isə hər kəsin iştirakı və özünü dəyərli hiss etməsi vacibdir".

Tamamlanmış ilk layihə autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası üzrə ixtisaslaşan müxtəlif kateqoriyadan olan insanların - terapevtlər, neveoloqlar, uşaq psixatrları, pediatrlar, qulluq edən şəxslər, peşə mütəxəssisləri, çoxsaylı yerli universitetlərdən seçilmiş tələbə könüllülər, müalicəvi idman mütəxəssisləri və s. kimi aidiyyətli şəxslərin bacarıqlarını artırmaq və biliklərini təkmilləşdirmək məqsədi daşıyırdı. Layihə Bakıdan seçilmiş 60-a yaxın mütəxəssisə ən qabaqcıl beynəlxalq nəzəriyyələri, təcrübələri və bilikləri öyrənmək, həmçinin cari tendensiyaları mənimsəmək imkanı verib. Layihənin əhatə dairəsinə beynəlxalq səviyyədə təsdiq edilmiş təlim proqramlarından istifadə etməklə milli təlimçilərin hazırlanması da daxil olub.

Layihənin müddəti 20 ay, ümumi dəyəri isə təxminən 415000 AZN təşkil edib. Layihə "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Tədbirdə eyni zamanda Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov da çıxış edib. O bildirib ki, bu layihələr gələcək fəaliyyət üçün böyük töhfələr verəcək: "Bu gün müzakirə olunan inklüziv cəmiyyətin inkişafına dəstək hər bir ölkə kimi Azərbaycanda da aktual bir məsələdir. Biz müstəqillik əldə etdikdən sonra Azərbaycanda inklüziv cəmiyyətin yaradılması ilə bağlı bir çox işlər görmüşük. Ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin sosial siyasəti məhz bu yöndə köklənib və inkişaf etməkdədir. Təbii ki, müstəqil ölkə olaraq əlillərə yanaşmada da cəmiyyətimiz üçün sosial yanaşma metodu seçmişik. SSRİ dövründə bu yöndə həyata keçirilən layihələr hazırda olduğundan daha fərqli idi. Həmin ölkədə əlillərə qarşı tibbi yanaşma üstünlük təşkil edirdi. O dövrlərdə əsas məqsəd əlilləri müalicə etdirərək cəmiyyətə uyğunlaşdırmaq idi. Bu gün biz seçdiyimiz sosial model isə tamamilə əksini göstərir. Yəni, əlillər cəmiyyətə deyil, cəmiyyət əlillərə uyğunlaşmalıdır".

Bu gün təqdim olunan layihələrdən biri də "DanceAbility" Azərbaycan şirkətinin layihəsidir. Bu layihə Azərbaycanda əlilliyi olan insanların müalicəsi və reabilitasiyasında inklüzivliyi dəstəkləmək məqsədi daşıyır. Bu amala xidmət edən layihənin məqsədi 50 yerli reabilitasiya mütəxəssisinə DanceAbility metodu və onun effektiv tətbiqi haqqında təlim keçməkdir.

"İnklüziv Təhsilin İnkişafına Dəstək" layihəsinin icraçı tərəfdaşl "Regional İnkişaf" İctimai Birliyidir. Layihənin məqsədi xüsusi hazırlanmış təlim proqramı vasitəsilə məktəb müəllimlərinin inklüziv təhsildə nəzəri bilik və praktiki bacarıqlarını artırmaqdır. Layihə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcəbədi daxil olmaqla ölkə üzrə 24 məktəbdən seçilmiş 250-yə yaxın müəllimi əhatə edəcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə