NDU-nun Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş olub

NDU-nun Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş olub

Ölkənin ən nüfuzlu universitetləri sırasında yer tutan Naxçıvan Dövlət Universitetinin fəaliyyətində maddi-texniki baza, əməkdaşlıq əlaqələri, peşəkar professor-müəllim heyəti ilə yanaşı, güclü tələbə ordusu da əhəmiyyətli rol oynayır. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə keçirilən görüşdə bu sözləri ali təhsil ocağının rektoru Elbrus İsayev deyib. Rektor bildirib ki, hazırda qabaqcıl təhsil ənənələrinə malik universitetin yetişdirdiyi tələbələrin istər universitet, istərsə də muxtar respublikanın sosial-ictimai həyatında könüllü fəaliyyəti diqqət mərkəzindədir. Ətrafında yüzlərlə tələbəni birləşdirən NDU-nun Tələbə Gənclər Təşkilatı 2018-ci və 2019-cu illərdə muxtar respublikanın, 2022-ci ildə isə həm muxtar respublika, həm də ölkə miqyasında “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.

Elbrus İsayev qeyd edib ki, bu il NDU-nun tələbələrinin Azərbaycan Respublikası Gənclər Fondunun keçirdiyi “İdeyanı reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində dörd layihə üzrə qalib gəlməsi universitet tarixində bir ilkdir və təqdirəlayiqdir.

Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov ölkə üzrə qalib olan layihələr və onların rəhbərləri barədə məlumat verib. Qalib layihələr arasında universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər təşkilatlarının I regional konfransı”, sədr müavini Sevindik Novruzzadənin “Xarıbülbül kuboku uğrunda “Nə? Harada? Nə zaman? intellektual oyunu”, sədr müavini Adəm Məmmədovun “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” və Tələbə Gənclər Təşkilatının fəalı Bağdagül Cəfərlinin “Debat çempionatı” layihələri yer almaqdadır. Qeyd edilən 4 layihə üçün ümumilikdə 8800 manat qrant ayrılıb.

İdeya rəhbərləri çıxış edərək iştirakçıları layihənin proqramı, məqsəd və vəzifələri, hədəf qrupu, eyni zamanda, davamlılığı və nəticələri barədə proqnozlarla tanış ediblər.

Görüş Tələbə Gənclər Təşkilatı tərəfindən birinci kurs tələbələrinin iştirakı ilə yaradılan klubların fəaliyyətinin nümayişi mərhələsində davam edib. Ekologiya, rəsm, şahmat, kitab, oriqami, intellektual oyunlar klubu, layihə müzakirə, ideyadan biznesə, ENACTUS, “Conversation club” kimi təlim otaqlarında tələbələrin maraqlarına uyğun olaraq təşkil olunmuş təlimlər böyük maraqla qarşılanıb.

Daha sonra görüş iştirakçıları universitetin idman kompleksində tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə təşkil olunmuş basketbol, voleybol, həndbol, futbol, tennis komandalarının oyunlarını izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə