Təcavüzdən sonra insanın psixoloji vəziyyəti necə olur? - ARAŞDIRMA
Cəmiyyətdəki fərdlərin sağlam psixologiya ilə həyatlarını davam etdirmələri üçün təhlükəsiz həyat sürmələri vacibdir. Ancaq bəzi pozucu faktorlar zamanı travmatik təcrübələr baş verir. Bu prosesdə travmatizasiya baş verir. Çünki insan özünə təhlükə yaradan vəziyyətlərə lazımi reaksiya verə bilmir. İnsanın acizlik və qorxunun son həddi ilə üzləşməsinə səbəb olan şeyə travma deyilir. Təcavüz və zorakılıq da cinsi travmalar kimi bura daxildir.
Travmatik hadisələr zamanı insan daxili harmoniya ilə xarici mühit arasındakı tarazlığı itirir. Güclü həyəcan və qorxuya səbəb olan cinsi travmalar insanın həyatı üzərində nəzarəti itirməsinə səbəb ola bilər. Günlərlə pozulan bu tarazlıq ilə şəxs müxtəlif psixoloji pozğunluqlar yaşaya bilər.
Cəmiyyətdə düşünülənin əksinə, cinsi istismar təkcə fiziki deyil. Onun müxtəlif növləri də ola bilər. Misal üçün, öz həyat yoldaşı ilə belə cinsi əlaqəyə məcbur edilmək, cinsi əlaqə əsnasında istənməyən davranışlara məcbur etmək, biri tərəfindən söyülüb təhqir edilmək, insanın istəmədiyi cinsi dialoqlara girmək də cinsi təcavüz növüdür.

Təcavüz kimi cinsi travmaların necə və nə dərəcədə yaşandığı da vacibdir. Cinsi travmaların psixoloji yansımaları insanın psixi quruluşundan asılı olaraq insandan insana dəyişə bilər. Cinsi travmalar fərdin həyatında xatırlamaq istəmədiyi travmalardır. Qadınların əksəriyyəti cinsi travmalara məruz qaldıqda, adətən qohumlarından, ailəsindən gizlənir və dəstək axtarmırlar.
Hər cəmiyyətdə rast gəlinən bu cinsi travmalarla mübarizədə mədəniyyətlərin böyük təsiri var. Xüsusilə də şəxsi hüquqların inkişaf edə bilmədiyi bəzi qapalı cəmiyyətlərdə cinsi travmaların çoxunun gizli qalması və heç kimə söylənə bilmədiyi acı həqiqətdir.

Bundan başqa, biri ilə bunu paylaşa və dəstək ala bilməmək də prosesi çətinləşdirir. Araşdırmalar göstərir ki, cinsi zorakılıqların əksəriyyəti qurbanın tanıdığı biri tərəfindən edilir. Bu vəziyyət insanın bunu başqaları ilə paylaşmamasını və yaxın ətrafına izah etməsini çətinləşdirir.
Travmadan sonra oxşar reaksiyalar yoxdur. Tibbi olaraq travma sonrası stress pozuqluğu, psixotik reaksiyalar, fobiyalar, yuxu pozğunluqları, maddə istifadəsi, depressiya, cinsi funksiya pozğunluğu kimi vəziyyətlər meydana gələ bilər. Bu klinik problemlərlə yanaşı, insan güclü qorxular yaşayır. Bunlardan əlavə insanda cəmiyyətdən uzaqlaşma, özünü hər şeydən təcrid etmə, özünəinamın aşağı düşməsi kimi hallar baş verə bilər.

Travmadan sonra ilk addım şəxs üçün təhlükəsiz mühit yaratmaqdır. Cinsi travma keçirmiş qadının travma zamanı və sonrasında problemlərini anlamaq, aydınlaşdırmaq, müdaxilə etmək və həll etmək üçün mütləq peşəkar dəstəyə ehtiyacı var. Psixoterapiya üsulları ilə həm travma anı, həm də travma sonrası inkişaf edən simptomlar aradan qaldırıla bilər.
Cinsi istismardan sağalma vaxt tələb edir və bu proses ağrılı ola bilər. Ancaq nəzarət hissini bərpa edə, öz dəyərinizi yenidən qura və necə sağalmağı öyrənə bilərsiniz.
Cinsi zorakılıq cəmiyyətlərdə şok edici dərəcədə yayılmış haldır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, Birləşmiş Ştatlarda təxminən hər 5 qadından 1-i həyatlarının müəyyən dövründə, adətən tanıdıqları və etibar etdikləri biri tərəfindən cinsi təcavüzə məruz qalıb. Bəzi Asiya, Afrika və Yaxın Şərq ölkələrində bu rəqəm daha da yüksəkdir və cinsi təcavüz təkcə qadınlarla məhdudlaşmır. Keçmişdən indiyə qədər bir çox kişi və yaxud uşaq da cinsi istismara məruz qalır.

Cinsi istismar haqqında faktlar:
Təcavüzkarı müəyyən etməyin qəti yolu yoxdur. Onların əksəriyyəti tamamilə normal, mehriban, cazibədar olur və şübhəli görünmür.
Cinsi zorakılıq zamanı donub qalmaq yayılmış bir reaksiyadır. Şokun təsirindən beyniniz və bədəniniz donub qalır. Bu, hərəkət etməyi, danışmağı və düşünməyi çətinləşdirir.
Cinsi zorakılıq fürsət cinayətidir. Tədqiqatlar göstərir ki, cinsi istismar edənlər qurbanlarını nə qədər seksual göründüklərinə və ya nə qədər nazlı olduqlarına görə deyil, zəifliklərinə görə seçirlər.
Cinsi zorakılıq edənlər bunun sərxoşluq səbəbindən səhv və yaxud ünsiyyətsizlik nəticəsində baş verdiyini iddia edərək özlərini müdafiə edirlər. Onlar həssas insanları hədəf alır və tez-tez alkoqoldan qurbana hücum etmək üçün bir vasitə kimi istifadə edirlər.
Cinsi zorakılığın qurbanı olan yaxınlarınıza necə kömək edə bilərsiniz?
Həyat yoldaşınız, partnyorunuz, bacı-qardaşınız və ya başqa bir sevilən şəxs cinsi istismara məruz qaldıqda, bu, sizdə acı hisslər yarada və münasibətinizə ciddi təsir göstərə bilər. Siz qəzəbli və məyus ola bilərsiniz, münasibətinizin travmadan əvvəlki vəziyyətinə qayıtması üçün ümidsizliyə qapıla və təcavüzkardan qisas almaq istəyə bilərsiniz. Ancaq unutmayın ki, sevdiyiniz insan daha çox təcavüz və zorakılığa deyil, səbrinizə, anlayışınıza və dəstəyinizə ehtiyac duyur.
Onu hələ də sevdiyinizi və dəstəklədiyinizi hiss etməsinə kömək edin. Cinsi zorakılığın qurbanı olan sevdiyiniz insana baş verənlərdə onların günahı olmadığına əmin edin.
Bəzi cinsi zorakılıqdan xilas olanlar hücum haqqında danışmaqda çətinlik çəkirlər, digərləri isə təkrar-təkrar danışmağa ehtiyac duya bilər. Sevdiyiniz insan özünü hazır hiss etmir və danışmaq isdəmirsə, məcbur etməyin. Bunun əvəzinə, onun danışmaq istədiyi zaman onu dinləmək üçün orada olduğunuzu açıq şəkildə bildirin. Digər tərəfdən, sevdiyiniz insanın başına gələnləri dinləmək sizin üçün çətindirsə, güvəndiyiniz biri ilə danışın.
Cinsi travmadan sonra bir çox insan özünü tamamilə gücsüz hiss edir. Onu peşəkar dəstək istəməyə təşviq edin, lakin son qərarı o özü versin.
Fiziki yaxınlığa empatiya və diqqət göstərin. Utanmaq və cinsi əlaqədən qaçmaq cinsi istismar qurbanları üçün ümumi reaksiyadır. Sevginizi uzaq şəkildə ifadə etməklə yanaşı, onu qucaqlamaq və ya toxunmaq üçün ondan icazə istəyin.
Nə qədər sakit, rahat və diqqətli olsanız, sevdiyiniz insana bir o qədər çox kömək edə bilərsiniz. Öz stressinizi idarə edin və başqalarından dəstək alın. Səbirli olun. Cinsi travmanın sağalması vaxt tələb edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB